Partiyanın sıraları seyrəlmək üzrədir
Hərəkatdan partiyaya çevrildiyi bəyan edilən “REAL”-ın daxili problemləri səngimək blmir. Belə ki, son bir neçə ayda adıçəkilən siyasi təşkilatda ciddi şəkildə parçalanma hökm sürür, istefalar da baş verir. İstefa verənlərin əksəriyyəti müxtəlif adda ittihamlar irəli sürərək oradan uzaqlaşırlar. Məhz fərqli düşünənlər “REAL”dan ayrılmalarını ən çox belə əsaslandırırlar ki, İ.Məmmədovun qrupu qurum daxilində öz diktələrini etməyə çalışır, “REAL”ı şəxsiləşdirərək, mənimsəməyə cəhdlər göstərirlər. Söz yox ki, burada əsas olaraq, idarə heyətinin üzvü Erkin Qədirli, qurumun həmtəsisçisi Natiq Cəfərli, eləcə də məclis üzvü Azər Qasımlı göstərilir. O cümlədən, digər məclis üzvləri - Ərəstun Baxşəliyev, Nəriman Mücahid və Elmin Həmzənin sıravi üzvlərdən qruplaşma yaratmaq cəhdləri barədə iddialar irəli sürülür.
İstafaların səbəbləri – qruplaşmalar, diktələr və avtoritarçılıq
Hələ bir müddət qabaq “REAL” üzvlərindən olan Cavid Qara istefasının səbəblərini tam açıqlamasa da, dediklərindən belə nəticəyə gəlmək olar ki, onun özü də daxili qruplaşmalardan və avtoritarçılıq meyllərindən bezərək, qurumun sıralarını tərk edib. "2012 ci ildən “REAL”ın üzvüyəm”, deyə sosial şəbəkədə yazmış C.Qara xatırlatmışdı ki, bu quruma üzv olanda İ.Məmmədov həbs olunmamışdı: “İndiyə qədər əlimdən gələn köməyi etmişəm. Bu günlərdə bu barədə çox fikirləşdim. Artıq heç bir partiya mənsubiyyətimin olmasını istəmirəm”.
Beləliklə, bu istefanın əsas səbəbinin məhz İ.Məmmədovun yoxluğu, həmçinin, qurumdaxili qarşıdurmalarla, intriqalarla əlaqələndirmək kifayət qədər mümkündür.
Rövşən Ağayevin istefa səbəbi: “Hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır...”
Digər bir səsli-küylü istefa isə “REAL”ın idarə heyətinin üzvü Rövşən Ağayevlə bağlıdır. "2011-ci ildən bəri idarə heyətinin üzvü olduğum “REAL” hərakatından ayrılmaqla bağlı qərar vermək mənim üçün çox çətin oldu”-deyə qeyd edən R.Ağayev də istefasının səbəblərini açıqlayarkən, hər kəsin öz yerində olmadığını bildirib: “Səbəbləri haqda çox qısa bunları deyəcəm. Təşkilatın idarə heyətinin hər bir üzvü “REAL”-ı öz hədəflərinə yaxınlaşdırmaq üçün daha fədakar olmalı idi. Bizə qoşulan üzvlərin, eləcə də təəssübkeşlərin idarə heyətindən gözləntisi də bu idi. Təəssüf ki, müxtəlif səbəblərdən bir idarə heyətinin üzvü kimi mən vəzifənin öhdəsindən gələ bilmədim. Bu qərarı qəbul edərkən yanaşmam bu olub ki, hər bir kəs gərəkli ola biləcəyi yerdə olmalı, faydası toxuna biləcəyi işin qulpundan yapışmalıdır...”
Göründüyü kimi, əsas vurulan eyham idarə heyətinin yarıtmazlığı, o cümlədən uğursuzluqlardır.
“REAL”da “at oynadan” Erkin Qədirlinin vəzifədən kənarlaşdırılmasına İlqar Məmmədov həbsxanadan “dobro” vermişdi
Lakin illər öncə də bu qurumda çaxnaşmalar, qarşıdurmalar yaşanıb. Misal üçün, xatırlada bilərik ki, 2014-cü ilin mayında İ.Məmmədov həbsdə olarkən, hərəkat daxilində baş verən qarşıdurmalar nəticə etibarilə idarə heyətinin üzvü E.Qədirlinin adı ilə bağlı olmuşdu. Məhz həmin vaxt E.Qədirlinin son müsahibələri və sosial şəbəkələrdə yaydığı ifadələr, həmçinin həmin ifadələrə gətirdiyi izahlar müzakirə olunaraq, ciddi yanlışlıqlar kimi qiymətləndirilmişdi. O cümlədən, iclasın protokolundan da göründüyü kimi, qeyd olunmuşdu ki, əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq E.Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib. “Ona görə də, təklif olundu ki, Erkin Qədirli “REAL” hərəkatının məclis başqanı və idarə heyətinin üzvü vəzifələrindən çıxarılsın”-deyə sözügedən protokolda bildirilmişdi. Həmçinin, xüsusilə qeyd edilmişdi ki, bu qərar verilməmişdən öncə İ.Məmmədova həbsxanaya göndərilmişdi və o da öz növbəsində bu qərarla razılaşdığını demişdi.
Beləliklə, həmin hadisələr bu gün də təkrar olunmaqdadır. Artıq səhih məlumatlara görə, “REAL”ı növbəti istefalar gözləyir. Bu istefalar nəticədə partiyaynın qısa zamanda iflasa uğrayacağından xəbər verməkədədir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB