Azərbaycan səfiri İlqar Muxtarov etimadnaməsini Qvatemala prezidentinə təqdim edib

Azərbaycan səfiri İlqar Muxtarov etimadnaməsini Qvatemala prezidentinə təqdim edib

Səfir İlqar Muxtarov Azərbaycanın eyni zamanda Qvatemala Respublikasında səfir təyin edilməsi barədə etimadnaməsini Qvatemala prezidenti Alvaro Kolom Kabayerosa (Alvaro Colom Caballeros) təqdim edib. Azərbaycanın Meksikadakı səfirliyindən SİA-ya verilən məlumata görə, görüşdə səfir İlqar Muxtarov Azərbaycan prezidenti İlham Əliyevin Qvatemala prezidenti A. Kolom Kabayerosa salamlarını çatdırıb və Azərbaycanın dövlət başçısı adından ölkəmizə səfərə dəvət edib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib.

Səfir İlqar Muxtarov prezident A. Kolom Kabayerosa Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı haqda məlumat verib. Səfir həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi haqda Qvatemala prezidentini məlumatlandırıb. Azərbaycanın 20 faiz ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi və münaqişə nəticəsində öz tarixi torpaqlarında qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyonadək azərbaycanlının haqlarının indiyədək pozulduğunu qeyd edən səfir, münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcəyini bildirib.

Görüş zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Səfir Qvatemalanın gənc diplomatları və enerji sahəsində ixtisaslaşan tələbələri üçün Azərbaycan Diplomatik Akademiyası və Azərbaycan Dövlət Neft Akademiyası tərəfindən həyata keçirilən təqaüdlü təhsil proqramlarında iştirak etmək imkanının olduğunu bildirib və bu, Qvatemala prezidenti tərəfindən maraqla qarşılanıb.

Səfir İlqar Muxtarov etimadnamələrin surətini Qvatemala Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib, həmçinin XİN-in digər rəsmiləri ilə bir sıra ikitərəfli görüşlər keçirib. Səfir Qvatemalaya səfəri çərçivəsində Qvatemalanın Enerji və Dağ-Mədən Sənayəsi Naziri Romeo Auqusto Rodriqes və İqtisadiyyat Nazirinin müavini Abel Kruzla görüşüb. Görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq perspektivləri, o cümlədən həyata keçirilən beynəlxalq iqtisadi layihələr çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

İlqar Muxtarov nazir R. Rodriqesi 2011-ci ilin iyun ayında Bakıda keçiriləcək "Xəzərin Nefti və Qazı Beynəlxalq Sərgi və Konfransı"nda iştiraka dəvət edib və Qvatemala naziri Azərbaycana səfər edəcəyinə dair öz razılığını ifadə edib. İlqar Muxtarov həmçinin Qvatemala Konqresinin sədr müavinləri Manuel de Xesus Barkin və Xose Qandara ilə görüşlər keçirib.

Tərəflər iki ölkənin parlamentləri arasında siyasi əlaqələrin inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Qvatemala Konqresinin deputat nümayəndə heyətinin Azərbaycana səfəri haqda razılıq əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə