Nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş sürücülərə qarşı ciddi tədbirlər görüləcək - YENİLİK
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş şəxslərlə bağlı əlavə və dəyişikliklər təklif olunub. SİA-nın məlumatına görə, əlavə və dəyişikliklər layihəsi Milli Məclisin bugünki iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd olunub ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edənlər 5 balla cərimə olunacaq. Sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulduqda 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçıran sürücülərin hərəkətinə isə 5 balla qiymət veriləcək.
Digər dəyişiklik isə avtomobillərin dayanacaqlarda saxlaması ilə bağlıdır. Belə ki, məcəlləyə edilən dəyişikliklərə əsasən nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan dayanacağında saxlanılmalıdır. Dayanma və durma qaydalarını pozduğu üçün avtomobili müvafiq icra hakimiyyəti orqanının duracağına gətirilən sürücü inzibati cəriməni və nəqliyyat vasitəsini duracağa gətirilməsi və orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə qəbz veriləcək və nəqliyyat vasitəsi sürücüyə qaytarılacaq.
Layihəyə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması müddəti bitdikdə sürücülük vəsiqəsi iki halda sürücüyə qaytarılır:
nəqliyyat vasitəsini idarə etmə hüququ bir ildən çox müddətə məhdudlaşdırılmış şəxslərə təcrübi imtahanı müvəffəqiyyətlə verdiyi gün;
nəqliyyat vasitəsini idarə etmə hüququ bir il və daha az müddətə məhdudlaşdırılmış şəxslərə imtahansız həmin müddət bitdiyi gün.
İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişikliyə görə, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, "Taksi" tanınma nişanı, taksometr və digər göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunacaqlar. Həmçinin əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 20 manat, lisenziyasız sərnişin və yük daşınmasına görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat, qalaq yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatların daşınma şərtlərini pozanlar 40 manatdan 50 manatadək, pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olanlar 1500 manat, avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə 500 manat cərimə olunacaqlar.
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməyənlər isə 50 manat miqdarında cərimə ediləcəklər.
Layihədə təklif edilən başqa bir dəyişikliyə görə isə nəqliyyat vasitəsində – trolleybus, tramvay və avtobus və taksidə şəhərətrafı və şəhər daxilində biletsiz sərnişin daşınmasına görə 5 manatdan 15 manatadək, şəhərlərarası marşrut üzrə 15 manat, beynəlxalq marşrut üzrə avtobuslarda 30 manat, dəmir yolu nəqliyyatında 5 manatdan 10 manatadək, dəniz və çay nəqliyyatında 15 manatdan 25 manatadək, hava nəqliyyatında isə 20 manatdan 40 manatadək cirəmə ediləcəklər. Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya çıxış üçün sənədlərə malik olmadıqda fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 3 min manatadək cərimələnəcək.
Sonda layihə parlament tərəfindən təsdiqlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB