Səfər Əbiyev: "Minsk qrupunun fəaliyyəti konkret nəticə verməsə də, biz bu missiyaya ümidlərimizi hələlik itirməmişik"

Səfər Əbiyev: "Minsk qrupunun fəaliyyəti konkret nəticə verməsə də, biz bu missiyaya ümidlərimizi hələlik itirməmişik"

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev fevralın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie, İqor Papov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı qonaqlar Dağlıq Qarabağ münaqişəsi və cəbhənin təmas xəttində mövcud vəziyyətlə bağlı təəssüratlarını bölüşdükdən sonra müdafiə naziri Səfər Əbiyev bildirib ki, Minsk qrupunun fəaliyyəti konkret nəticə verməsə də, biz bu missiyaya ümidlərimizi hələlik itirməmişik. Münaqişənin həllində səylərin birləşdirilməsinə üstünlük verdiyini qeyd edən nazir Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsini və sülh variantının yalnız bu kontekstdə baş tuta biləcəyini birmənalı olaraq qonaqların diqqətinə çatdırıb.

Müdafiə naziri torpaqların işğaldan azad edilməsi üçün Azərbaycanın ciddi hazırlıqlar gördüyünü də xüsusi vurğulayıb. Bildirib ki, belə situasiyalarda bütün dövlətlər eyni cür hərəkət edərdi. Azərbaycanı heç kim bu məsələdə günahlandıra bilməz.

Sözünə davam edən S.Əbiyev bu qəbildən olan münaqişələrin həllində mövcud beynəlxalq qaydaların tətbiq edilməsinin zəruriliyini önə çəkərək yaxın keçmişdə bir neçə ölkənin timsalında bu cür yanaşmanı misal gətirib. Nazir qeyd edib ki, həmin münasibət Azərbaycana da göstərilməlidir, lakin biz bunun fərqini görürük, bu da acı təəssüf doğurmaya bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə