Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 11-də Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Pyeri Marianini qəbul edib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı Azərbaycan ilə Fransa arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin münasibətlərinin tərəfdaşlıq xarakteri daşıdığını bildirdi. Fransa şirkətlərinin artıq ölkəmizlə bir sıra sahələrdə uğurlu əməkdaşlıq etdiyini qeyd edən dövlət başçısı nəqliyyat sektorunda da geniş əməkdaşlıq üçün yaxşı imkanların olduğunu dedi.
Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Pyeri Mariani ölkəmizə növbəti dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Ölkələrimiz arasında münasibətlərin son illər daha da genişləndiyini vurğulayan qonaq Fransanın xüsusilə Azərbaycanın nəqliyyat sektoruna böyük maraq göstərdiyini dedi. Ölkəmizi yaxından tanıdığını qeyd edən Pyeri Mariani əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Dövlətimizin başçısı Azərbaycanda avtomobil yollarının, dəmir yol nəqliyyatının və eləcə də Bakıda metropoliten şəbəkəsinin təkmilləşdirilməsində Fransa şirkətlərinin iştirakına və Fransa texnologiyasının tətbiqinə ölkəmizin böyük önəm verdiyini dedi. Prezident İlham Əliyev Fransanın nəqliyyat məsələləri üzrə dövlət katibi Pyeri Marianinin Azərbaycan-Fransa əlaqələrinin bu sahədə inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB