Qənirə Paşayeva şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılmasını təklif edib

Qənirə Paşayeva şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılmasını təklif edib
"Korrupsiya ilə mübarizə sahəsində atılan addımlar və prezidentin çıxışları əhali tərəfindən müsbət qarşılanır". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu günki iclasında cari məsələlərin müzakirəsi zamanı deyib. O bildirib ki, bu cür addımların təqdir olunması vacibdir. Millət vəkilinin sözlərinə görə, Milli Məclisdə bu sahədə fəaliyyət göstərən dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə müzakirənin aparılmasına ehtiyac var. Deputat Müdafiə Nazirliyi (MN) rəhbərliyinin Mübariz İbrahimovun "İlin adamı" elan olunması ilə bağlı tədbirdə iştirak etməli olduğunu da diqqətə çatdırıb. Q.Həsənquliyev, həmçinin vəkil Osman Kazımovun Vəkillər Kollegiyasının üzvlüyündən kənarlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi barədə də danışıb. Deputat spikerdən tanınmış vəkilin hüquqlarının müdafiəsinə kömək etməyi xahiş edib. Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edib. O sonradan dünyasını dəyişmiş müharibə əlillərinin ailələrinin mənzillə təmin olunması ilə bağlı müvafiq qanunvericiliyə əlavələrin gələn həftə Sosial siyasət komitəsinin iclasında müzakirə olunacağını vurğulayıb. Deputat şəhid övladlarının imtiyazlarından 18 yaşından sonra da istifadə etmə imkanlarının artırılmasının vacibliyini, bununla bağlı qanunvericiliyə dəyişikliklərin edilməsini təklif edib. Millət vəkili Fərəc Quliyev Milli Məclisdə Qarabağla bağlı qapalı dinləmələrin keçirilməsini təklif edib. Sabir Rüstəmxanlı isə qeyd edib ki, BMT-nin Bakıdakı nümayəndəliyi İrandan gələn azərbaycanlılara qarşı süni maneələr yaradır, İrandan gələn azərbaycanlılar burada problemlərlə üzləşirlər. Spiker Oqtay Əsədov isə deyib ki, dövlət başçısı ölkədə islahatların keçirilməsi barədə fikirlərini açıqlayıb və bu sahədə islahatlar davam etdiriləcək. O. Əsədov Q. Həsənquliyevin MN rəhbərliyinin M. İbrahimovla bağlı tədbirdə iştirak etməməsi barədə dediklərinə də münasibət bildirib. Spiker "Müdafiə Nazirliyinin rəhbərliyi tədbirə dəvət olunsaydı, yəqin ki, iştirak edərdi",- söyləyib. Qeyd edək ki, iclas hazırda davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə