Siyasi məhvə hamilə qalan psevdomüxalifətin son akkordları SIYASI ANALIZ
Müsavatçı İsa Qəmbərin cəbhəçi Qənimətin yanında nə işi var?
Fransada “siyasi mühacir” adı altında fəaliyyət göstərən Qənimət Zahidin “Youtube” sosial şəbəkəsi üzərindən erməni lobbisinin pulu ilə efirə çıxan “Sözarası” adlı canlı yayımının növbəti qonağı Müsavat partiyasının sabiq başqanı, “MSDM” sədri İsa Qəmbər olub. Əslində İ.Qəmbərin AXCP sədri Əli Kərimlinin də barmağı olduğu “Sözarası”na çıxması necə deyərlər, təəccüb doğurdu. Məsələ ondadır ki, bu canlı yayıma əsasən, dağıdıcı müxalifətin Ə.Kərimli qanadına yaxın şəxslər çıxırlar. Hətta həmin qanda aidiyyatı olmayan digər qanad təmsilçiləri efirə çıxanda AXCP sədrinin trolları dərhal onlara qarşı hücuma keçir, rəy bölümündə Ə.Kərimlinin şəninə təriflər yağdırır, dəvət edilmiş qonaqları isə ya təhqir edir, ya da yumşaq desək “rədd ol” komandası verirlər.
Qənimət Zahidin Əli Kərimli ilə fikirləri üst-üstə düşmür və o da AXCP sədrini tapdalayaraq, istədiyi qonaqları canlı yayımına dəvət edir
Burada isə təəccüblü heç nə yoxdur. Daha doğrusu, Q.Zahidin “Sözarası” adlı canlı yayımı onun özü tərəfindən idarə edilmir. Əsas sifarişçilərin anti-Azərbaycan dairələri olduğu məlum olsa da, burada tezisləri, mövzuları və s. tapşırıqları Q.Zahidə bilavasitə Ə.Kərimli verir. Bəzi məqamlarda isə, Q.Zahidin Ə.Kərimli ilə fikirləri üst-üstə düşmür və o da AXCP sədrini tapdalayaraq, istədiyi qonaqları canlı yayımına dəvət edir. Xatırlada bilərik ki, Q.Zahidin qonağı AXP sədri Pənah Hüseyn olarkən, Ə.Kərimlinin trolları partiya sədrinə qarşı ən ağır söyüşləri söyərək, Q.Zahidi qınaq, AXP sədrini isə təhqir hədəfinə çevirmişdilər. Eləcə də, verlişə dəvət edilən digər müxalifətçilər də eyni aqibəti yaşayıblar.
Məhz İ.Qəmbərlə də belə oldu. Lakin Q.Zahidin İ.Qəmbəri dəvət etməsi həm də Müsavatın sabiq başqanına birgünlük “jest” idi. Çünki Ə.Kərimli ölkədəki sabitliyi pozmağa yönəlik addımını atarkən, polisə aparılıb ifadəsi alınarkən, onun tərəfdarları Müsavatın qərargahı qarşısına toplaşmışdılar. Nəzərə alarsaq ki, İ.Qəmbərlə Ə.Kərimli müxalifət düşərgəsinin bir-birinə qənim kəslmiş, barışmaz və qarşılıqlı antipatik hisslər bəsləyən “liderləridirlər”, bu zaman qeyd edilən fikri yalnız birgünlük “jest” olaraq qiymətləndirmək olar.
İsa Qəmbərin belə bir düşüncə tərzi onun siyasi bic deyil, siyasi avam olduğunu əsaslı şəkildə isbatlayır
Ancaq daha bir maraqlı məqam, mövzunun “siyasi mühacirlərin” ölkəyə geri dönüşü və “inqilab” olması idi. Düzdür, radikalçılıq və dağıdıcılıq təfəkkürü ilə uzun illərdir var-gəl edən “liderlər” heç vaxt arzularına çatmayıblar, heç bundan sonra da çata bilməyəcəklər, fəqət hələ də bənzər düşüncələrlə “bu gün gəlirik, sabah gəlirik” deyib siyasi səhnədə dala-qabağa getmələrini davam etdirirlər. Öz uğursuzluqlarını xalqın üzərinə yıxanların bilavasitə xalq tərəfindən rədd edilmələri isə əlbəttə ki, belələrini qıcıqlandırır.
İ.Qəmbər və başqaları uğursuzluqlarını hər zaman xalqı günahlandırmaqla ört-basdır edirlər. Bu dəfə isə İ.Qəmbər xalqı dolayısı ilə ittiham edib. O, deyib ki, Azərbaycan xalqı sabitliyi və sülhpərvərliyi üstün tutur, ona görə də xaotik hadisələrin baş verməsini istəmir (?!-R.N.) Yəni “MSDM” sədri bir tərəfdən etiraf edir ki, radikal müxalifət dağıdıcılıq yolunu tutur, başqa tərəfdən, xalq onları belə məsələlərdə ümumiyyətlə dəstəkləmir. Bu isə birbaşa xalqı ittiham etmək deməkdir. Bəli, xalq onları dəstəkləmir və ona görə də, xalqı bu və ya digər şəkildə ittiham edir. Guya ehtiyatla danışan İ.Qəmbərin belə bir düşüncə tərzi onun siyasi bic deyil, siyasi avam olduğunu əsaslı şəkildə isbatlayır.
İsa Qəmbərin ümidini Qərbdəki “siyasi mühacirlərə” bağlaması ümumilikdə dağıdıcı müxalifət düşərgəsində “lider” adlandırılanların özlərinə inamlarının olmamasının faktiki etirafıdır
Digər tərəfdən, İ.Qəmbər iddia edir ki, “inqilab” üçün Qərbdəki “siyasi mühacirlər” geriyə - Azərbaycana dönməlidirlər. Amma fakt budur ki, belələri heç vaxt cürət edib ölkəyə geri qayıtmazlar. Onlar qorxaq və qorxaq olduqları qədər də hər şeylərini pula-paraya satan siyasi nadürüstlər yığnağıdırlar. Belələri yaxşı bilirlər ki, ölkəyə geri dönsələr, ilk növbədə xalqın hiddəti qarşısında aciz qalacaqlar, sonra isə bu dövlətin qanunları qarşısında cavab verməli olacaqlar. Belə yerdə yenə də onların monitorarxası, ya da klaviatura “qəhrəmanları” olduqlarını demək mümkündür. Bu baxımdan, İ.Qəmbərin Q.Zahidin “Sözarası”nda “siyasi mühacirlər ölkəyə geri dönərlərsə, inqilab barədə də düşünmək olar” tipli sərsəm ifadəsinin boğazdan yuxarı deyilmiş söz olduğunu söyləmək mümkündür.
Başqa tərəfdən, İ.Qəmbərin ümidini Qərbdəki “siyasi mühacirlərə” bağlaması ümumilikdə dağıdıcı müxalifət düşərgəsində “lider” adlandırılanların özlərinə inamlarının olmamasının faktiki etirafıdır. Yəni onlar bir şeyi arzulayırlar – ölkədəki sabitliyi pozmaq, xaos yaradıb, “siyasi mühacirlər” vasitəsi ilə onlara verilmiş sifarişləri reallaşdırmaq. Demək, ortaya belə bir proqnoz çıxır – nə “siyasi mühacirlər” ölkəyə dönməyəcəklər, nə də “liderlərin” xam xəyalları elə xam xəyal olaraq da qalacaq. Ortada xalq-hakimiyyət faktoru mövcuddur və bu faktor o qədər güclü dayaqlara söykənib ki, bənzər sərsəm düşüncələr ümumiyyətlə, ağızdan çıxan kimi məhv olur. Hətta belə demək mümkündürsə, psevdomüxalifət – “siyasi mühacirlər” və “ana müxalifət liderləri” siyasi məhvə hamilə qalıblar, onlar özlərinin son akkordlarını vurmaqdadırlar, bu qədər bəsit…
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB