Asim Mollazadə: "Qanunvericilikdə zəruri islahatlar həyata keçirə bilsək, onda korrupsiya ilə bağlı aparılan mübarizə çox ciddi nəticə verə bilər”
Milli Məclisin yaz sessiyasının növbəti iclası bu gün öz işinə başlayıb. SİA-nın məlumatına görə, iclasda ilk növbədə cari məsələlər müzakirə olunub. Cari məsələlərin müzakirəsi zamanı millət vəkilləri ölkədə korrupsiya ilə bağlı aparılan mübarizəyə toxunublar. Məsələ ilə bağlı ilk çıxış edən millət vəkili Asim Mollazadə bildirib ki, Milli Məclis korrupsiya ilə bağlı mübarizədə sistemli islahatlar həyata keçirməyə öz töhfəsini verə bilər. Onun sözlərinə görə, ölkədə təhsil sistemində islahatlar həyata keçirilməli, müvafiq qanunvericilik bazası yaradılmalıdır.
"Biz ötən parlamentdə Təhsil haqqında qanunu qəbul etdik. Buna baxmayaraq ölkədə ali təhsil və orta peşə təhsili ilə bağlı islahatlar keçirməyə ehtiyac var. Bu gün Azərbaycan müəlliminin məvacibi onun cəmiyyətdəki hörmətini təmin edə bilmir. Hələ də Sovet sistemindən bizə miras qalan müəllimlərin aşağı əmək haqqı imkan vermir ki, yüksək peşəkar səviyyəyə malik olan insanları məktəb sisteminə cəlb edə bilək. Zənnimcə, tezliklə biz orta təhsillə bağlı müvafiq qanun qəbul etməliyik ki, bu sahədə ciddi islahatlar həyat keçirilsin. Bu istiqamətdə parlamentdə ciddi işlər görülməlidir. Eləcədə səhiyyə sistemində. Belə çıxır ki, Azərbaycan həkimlərinin hamısı rüşvətxordur? Belə deyil axı. Azərbaycan tibbi sığorta sistemindən bəhrələnə bilmir. Mənə elə gəlir ki, sığorta sisteminin səhiyyə sistemində mövcudluğu üçün Milli Məclis öz töhfəsini verməlidir. Qanunvericilikdə zəruri islahatlar həyata keçirə bilsək, onda korrupsiya ilə bağlı aparılan mübarizə çox ciddi nəticə verə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB