Latviya Respublikasının Yekabpils şəhərində ənənvi «Şəhər Günü» bayramı keçirilib. 350 illik tarixi olan Yekabpils şəhəri Latviyanın iri şəhərlərindən hesab olunur və geniş əlaqəli beynəlxalq əməkdaşlıq aparır. Bayram tədbirləri çərçivəsində şəhər sakinlərinin sevimli istirahət yeri olan Dauqava çayının sahilindəki xiyabanda ölkəmizə aid guşənin açılışı olub.
Azərbaycan guşəsinin açılış mərasimində Suraxanı rayonu icra hakimiyyətinin başçısı İlqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti, Yekapils şəhərinin meri Ayvars Karps, Yekapils şəhərinin qardaşlaşdığı digər şəhərlərin rəhbərləri, Latviya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, Yekabpils şəhəri ilə Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsi 2012-ci ilin 15 avqustunda imzalanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən qardaşlaşmışdır. Bu günə qədər Yekabpils şəhərinin qardaşlaşdığı yeddi şəhərdən dördünün - Almaniyanın Melme, Belarus Lido, Polşanın Sokolov-Podlaski və Çervonika Lesçayna şəhərlərinin şərəfinə istirahət guşələri yaradılmışdır.
Özünəməxsusluğu ilə seçilən növbəti, beşinci guşə isə Azərbaycana həsr olunmuşdur. Guşədə Azərbaycan, Bakı və Suraxanı haqqında məlumat latış, rus, ingilis və Azərbaycan dillərində yerləşdirilmişdir. Guşənin yanında Suraxanı rayonunun Qaraçuxur qəsəbəsinə istiqamətlənmiş nişan da quraşdırılmışdır.
Açılış mərasimində Yekapils şəhərinin meri Ayvars Karps çıxış edərək, Bakı şəhərinin Suraxanı rayonu ilə səmərəli əməkdaşlıq etdiklərini, müntəzəm qarşılıqlı səfərlər zamanı Azərbaycanda müşahidə etdikləri sosial-iqtisadi inkişafdan danışmış və yeni salınan sayca beşinci istirahət guşəsinin, məhz Azərbaycana həsr edilməsini böyük məmnunluqla qeyd etmiş, Dauqava çayının sahilindəki xiyabanda dostluğun simvolu olan Azərbaycana həsr olunmuş guşənin yaradılmasının əlamətdar hadisə olduğunu bildirib.
Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov belə bir guşənin yaradılmasına görə, şəhər meriyasına minnətdarlığını bildirərək, bu təşəbbüsün ölkələrimiz və şəhərlərimiz arasında əməkdaşlığın güclənməsinə növbəti bir töhfə olduğunu qeyd edib. İlqar Abbasov öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi sosial-iqtisadi nailiyyətlərdən danışmış, şəhərlərimizin, o cümlədən, Bakının daha da gözəlləşdiyini xüsusi qeyd edib.
Daha sonra tədbir iştirakçıları Azərbaycan guşəsində xatirə şəkilləri çəkdirib.
Açılış mərasimində Azərbaycan Respublikasının Latviya Respublikasında səfirliyinin birinci katibi Tural Rəhimov iştirak edib.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB