Bako Saakyan Paşinyanı saymır

Bako Saakyan Serj Sarkisyanı 65 illiyi münasibətilə təbrik edib. SİA Ermənistana məxsus lragir.am saytının yayımladığı məlumata istinadən xəbər verir ki, 30 iyun tarixində Bako Saakyan Ermənistan Respublikasının üçüncü prezidenti olmuş Serj Sarkisyana onun ad günü münasibətilə təbrik məktubu göndərib.

Məlumata görə qondarma respublikanın qondarma prezidenti özünün ünvanladığı məktubunda S.Sarkisyanı 65 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona və bütün yaxınlarına möhkəm can sağlığı, uğurlar arzulayır. Bununla yanaşı, B.Saakyan öz məktubunda nümayişçi Nikol Paşinyanın rəhbərliyi ilə Ermənistanda dövlət çevrilişi nəticəsində istefaya məcbur edilmiş Serj Sarkisyanın müstəqil Ermənistan dövlətinin qurulması, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və inkişafında rolunu yüksək qiymətləndirib.

Nəzərə alsaq ki, ötən ilin aprel-may aylarında Ermənistanda küçə nümayişlərinə rəhbərlik edən Nikol Paşinyan nümayişlərin nəticəsi olaraq Sarkisyanı istefaya məcbur edib və onun kürsüsünü ələ keçirdikdən sonra da Serjin bütün tərəfdarlarını hakimiyyət postundan, vəzifəsindən uzaqlaşdırıb, deməli, qondarma respublikanın qondarma prezidenti hər zaman olduğu kimi hələ də Paşinyanı hesaba almır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə