Prezident İlham Əliyev Tovuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Prezident İlham Əliyev Tovuzda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gedib. SİA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Daha sonra Prezident İlham Əliyev Tovuz şəhərində yeni salınmış mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdi və parkı gəzdi.

Məlumat verildi ki, parkın tikintisinə 2009-cu ilin əvvəllərində başlanıb. 10,2 hektar sahəni əhatə edən parkın ərazisində vaxtilə 5600-dən çox palıd, 1100-dən artıq şam ağacı əkilib. Park salınmağa başlandıqdan sonra isə burada yüzlərlə ağac və bəzək kolu əkilib. Burada 30 min kubmetr həcmində torpaq işləri görülmüş, yerli inşaat materialından istifadə edilməklə geniş tikinti-abadlıq işləri aparılıb. Parkın ətrafına dekorativ hasar çəkilmiş, iki yerdə böyük giriş darvazaları tikilmiş, 14 fəvvarə, süni şəlalə yaradılıb.

Ərazidə geniş sahədə çəmənlik salınmış, müasir işıqlandırma sistemi quraşdırılıb. Gələcəkdə parkın Tovuzçay istiqamətində genişləndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev parkda aşıq musiqisini dinlədi, ifaçılarla xatirə şəkli çəkdirdi. Dövlətimizin başçısına saz hədiyyə edildi.

Aşıqlar qədim xalq musiqisinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkür etdilər. Prezident İlham Əliyev uşaqların, gənclərin, yeniyetmələrin milli musiqimizə çox böyük maraq göstərmələrinin yaxşı hal olduğunu vurğuladı. Aşıqlar bildirdilər ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri nəticəsində aşıq sənəti YUNESKO-nun "Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı"na daxil edilib.

Parkda gənclərin asudə vaxtının səmərəli təşkili üçün istirahət mərkəzi inşa edilib. Sonra Prezident İlham Əliyev rayonda tikilən beşulduzlu mehmanxananın layihəsi ilə tanış oldu.

Bildirildi ki, 2008-ci ildə inşasına başlanılan mehmanxana üçün Bozalqanlı kəndi ərazisində 5,2 hektar sahə ayrılmışdır. Beşmərtəbəli binada 72 nömrə, üzgüçülük hovuzu, sauna, türk hamamı, trenajor zalı və masaj otaqlarından ibarət idman-sağlamlıq mərkəzi olacaqdır. Tikintisi bu ilin mayında başa çatdırılması nəzərdə tutulan mehmanxananın etibarlı su təminatı üçün subartezian quyusu qazılıb.

Prezident İlham Əliyev tikinti ilə bağlı tövsiyə və tapşırıqlarını verdi.

Səfər çərçivəsində Azərbaycan Prezidenti Olimpiya-İdman Kompleksinin açılış mərasimində də iştirak edib. Kompleksin təməli 2007-ci il mayın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub.

SİA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikilmiş kompleks 3 korpusdan ibarətdir. Tovuz şəhərinin girəcəyində - Tovuzçayın sol sahilində 5 hektar sahədə inşa edilmiş kompleksin birinci korpusunda su hovuzu və yeməkxana yerləşir. İkinci korpus 34 ədəd ikiyerlik və bir VIP nömrədən ibarət beşmərtəbəli mehmanxanadan ibarətdir. Üçüncü korpusda isə əsas idman salonu yerləşir. Bundan başqa, idman kompleksində zal və köməkçi otaqlar da vardır. Kompleksdə voleybol, basketbol meydançaları, tennis kortu və stadion da olacaqdır. Tikinti işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitlə yaxından tanış oldu, müvafiq tövsiyə və tapşırıqlarını verdi.

Bütün xəbərlər Facebook səhifəmizdə