“İRƏLİ” Gənclər Mərkəzində Nadim İlahi ilə görüş keçirilib

“İRƏLİ” Gənclər Mərkəzində Nadim İlahi ilə görüş keçirilib

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamenti rəhbərinin müavini, Azərbaycan üzrə bölmənin rəhbəri Nadim İlahi Azərbaycan iqtisadiyyatının və maliyyə sisteminin təhlil olunması ilə bağlı yüksək səviyyəli hökümət nümayəndələri, eyni zamanda Mərkəzi Bankla keçiriləcək görüşlər çərçivəsində "İRƏLİ" Gənclər Mərkəzində Azərbaycanın fəal gəncləri və media nümayəndələri ilə də görüşüb.

"İRƏLİ" İctimai Birliyinin mətbuat katibi Aynur Həsənzadənin SİA-ya verdiyi xəbərə görə, görüş "Azərbaycan iqtisadiyyatının orta müddətli perspektiv və sınaqları" mövzusunda, "İRƏLİ" Təlim Mərkəzinin "Şuşa" zalında keçirilib. Görüş Millət vəkili Ceyhun Osmanlının qonaqları salamlaması ilə başlamış, daha sonra isə Nadim İlahinin məruzəsi ilə davam edib.

Çıxışı zamanı Nadim İlahi Azərbaycanın iqtisadi krizisdən uğurla çıxdığını, Azərbaycanın tədiyyə balansı ilə problemi olmadığını qeyd edib. Bundan əlavə, Azərbaycan iqtisadiyyatını 30-40 il sonra neft tükəndiyi zaman qorumaq üçün qeyri-neft sektoruna, insan kapitalına yatırımlar edilməsinin, Azərbaycanda vergiləri azaltmaq, vergi indekslərinin aşağı göstərilməsi ilə xarici şirkətlərin Azərbaycana cəlb olunmasının zəruriliyini vurğulayıb.

Azərbaycanın çox önəmli nəqliyyat qovşağında (Avropa və Asiya) yerləşməsi ilə əlaqədar nəqliyyat infrastrukturun da inkişafının vacibliyini qeyd edib. Qonaq Azərbaycanda korrupsiya ilə mübarizəni alqışladığını bildirmiş, qeyd etmişdir ki, daha güclü iqtisadiyyata malik olmaq üçün resursu olmayan, lakin inkişaf etməyi bacaran ölkələri nümunə götürmək, dünyada iqtisadi krizisin banklardan başladığını nəzərə alaraq bank sahəsində idarəetməni gücləndirmək lazımdır.

Qeyd edək ki, qonağı Azərbaycanın Dünya Bankı və Beynəlxalq Valyuta Fondu yanında nümayəndəsi Azər Mursakulov müşayət edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə