Fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyev Qazax şəhərində yenidənqurma işləri aparılmış Səməd Vurğun Poeziya evinin açılışında iştirak edib.
SİA-nın xəbərinə görə, dövlətimizin başçısı əvvəlcə Poeziya evinin qarşısında Xalq Şairi Səməd Vurğunun heykəlinin önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, Poeziya evinin yerləşdiyi ərazi genişləndirilmiş, burada yaşıllıq zolağı salınıb. Bildirildi ki, ulu öndər Heydər Əliyev həmişə Səməd Vurğunun yaradıcılığına böyük önəm vermiş, şairin əsərlərinin nəşri heç vaxt onun diqqətindən kənarda qalmayıb. O, Səməd Vurğunun məşhur "Azərbaycan" şeirini çox sevir, yeri gəldikcə, ona müraciət edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik yubileyi münasibətilə Qazaxda Səməd Vurğun Poeziya evi də Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və o, 1979-cu ilin sentyabrında onun açılışında şəxsən iştirak edib.
Prezident İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri çərçivəsində Poeziya evində olmuş əsaslı təmir və yenidənqurma işlərinin aparılması barədə tapşırıq verib. 2005-ci ildə isə Prezident İlham Əliyev Səməd Vurğunun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdı.
Ötən dövrdə görülən işlər nəticəsində Poeziya evi yeni görkəm alıb. Buradakı eksponatların sayı artmış, yeniləri də əlavə olunub. Səməd Vurğunun Bakıdakı ev muzeyi buraya şairin köynəyini, ov və yazı ləvazimatlarını hədiyyə edib. Bir sözlə, Poeziya evi həmişə Səməd Vurğunun xatirəsinə bir ehtiram ünvanı olacaq, söz-sənət vurğunlarının daimi görüş yerinə çevriləcəkdir.
Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun həyat və fəaliyyətinin müxtəlif dövrlərini, eləcə də ulu öndərin Azərbaycan ədəbiyyatına diqqət və qayğısını əks etdirən şəkillərə baxdı, Poeziya evinin işçilərini açılış münasibətilə təbrik edərək, onlara uğurlar arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB