Aqrar sektorun inkişafına dövlət dəstəyi siyasəti davamlı xarakter alıb
İlham Əliyev: "Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, aqrar sahənin inkişafı gündəlikdə duran əsas məsələlərdən biridir"
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, Azərbaycan dövləti əhalisinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirir və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı dövlət proqramları həyata keçirir. Hazırda ölkədə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir.Bu günlərdə Prezident İlham Əliyevin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" imzaladığı Fərman bir daha dövlətin aqrar sektorun inkişafına növbəti dəstəyinin təzahürüdür. Bu Fərmanla təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"na əsasən, bitkiçilik sahəsində subsidiyaların hesablanmasında istifadə olunan baza məbləği 200 manat müəyyən edilir.Kənd Təsərrüfatı Nazirliyi "Subsidiya" İnformasiya Sisteminin yaradılmasını və subsidiyaların 2020-ci il yanvarın 1-dən etibarən verilməsini təmin edəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla, "Subsidiya" İnformasiya Sistemi haqqında Əsasnamənin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim edəcək.
Aqrar sahənin inkişafı iqtisadiyyatın şaxələndirilməsi strategiyasının əsas istiqamətlərindən biri kimi
Bu gün Azərbaycanda bütün sahələrdə, o cümlədən, aqrar sahənin daha da inkişaf etdirilməsi üçün geniş tədbirlər görülür. Çünki aqrar sahənin inkişafı Azərbaycan Prezidentinin iqtisadiyyatın şaxələndirilməsi strategiyasının başlıca istiqamətlərindən birini təşkil edib. Belə ki, ölkə əhalisinin təxminən 1,5 milyon nəfərinin aqrar sektorda çalışması baxımından, bu sahənin inkişaf etdirilməsi, həm də qeyri-neft sektorunun inkişafı, işsizliyin və yoxsulluğun azaldılması baxımından, xüsusi əhəmiyyət kəsb etməkdədir. Prezident İlham Əliyev çıxışlarında da dəfələrlə bildirib ki, aqrar sahə Azərbaycan üçün strateji sahədir: "Bu, həm iqtisadi, həm sosial sahədir. Əhalimizin 47 faizi bölgələrdə yaşayır. Ona görə son illərdə kənd təsərrüfatının və regionların sosial-iqtisadi inkişafına göstərilən diqqət, məhz bu məqsədi güdür ki, həm məşğulluq, həm məhsuldarlıq artsın və Azərbaycan həm öz daxili tələbatını, həm də ixrac edilən məhsulları ən yüksək səviyyəyə qaldırsın".
Azərbaycanda aqrar sahə son 16 ildə
"Bu illər ərzində, görülən işləri sadalamaq istəsək, o zaman bunun üçün bizə 15 gün belə az olar. Çünki bu illər ərzində, milli iqtisadiyyatın bazar prinsipləri əsasında qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib, regionların və ayrı-ayrı iqtisadi və sosial sahələrin inkişafına dair dövlət proqramları uğurla icra olunub, ölkə əhalisinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb". Bu fikirləri "SƏS" qəzetinə açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov deyib. O bildirib ki, dövlət başçısı İlham Əliyev prezidentliyinin ilk ilindən başlayaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi hesabına neftdən asılılığı azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən olan aqrar sektorun inkişafını təmin etməyi əsas vəzifə kimi müəyyən edib: "Məhz Prezidentin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" bu problemin həllində əsaslı dönüş yaradıb. Belə ki, regionların sosial-iqtisadi inkişafına dair ilk dəfə qəbul edilmiş bu Dövlət Proqramı çox uğurla həyata keçirilmiş, ölkə ərazisində sosial-iqtisadi inkişafın təmin edilməsi üçün, ilk növbədə, daha çox ehtiyac duyulan infrastruktur və emal sənaye obyektlərinin yaradılması, habelə, digər sahələrin inkişafını təmin edən tədbirlər icra edilib.» E.İbrahimov vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq üçün qeyri-neft sektorunun və onun əsas sahələrindən biri olan aqrar sektorun inkişafı prioritet istiqamət kimi önə çəkilib: "Təkcə aqrar sahədə çalışan sahibkarlara Azərbaycan Prezidenti tərəfindən tətbiq edilən vergi güzəştləri 2 milyarddan çox vəsaitin sahibkarlarda qalmasına şərait yaradıb: "Bu da, təbii ki, kənd təsərrüfatının inkişafı üçün mühüm addımdır. Bundan əlavə, Milli Fonddan təkcə aqrar sahibkarlığa 1 milyarddan çox vəsait ayrılıb. Bu, əlbəttə, kənd təsərrüfatı sahələrinin genişlənməsinə xidmət edir".Komitə sədri onu da bildirib ki, son 16 ildə kənd yollarının tikintisi, rayonlarda aqrar sahə ilə bağlı tikilən müəssisələr və digərləri aqrar sahənin inkişafına xidmət edir: "Bu gün abadlaşan bölgələrimiz, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakı, tikilən 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, 50-dən çox Olimpiya Mərkəzi, çəkilmiş 11 min kilometrdən çox yol, 250 mindən çox köçkün üçün salınmış 100-ə yaxın təzə qəsəbə, yeni yaradılmış enerji infrastrukturu, dinamik inkişaf edən və şaxələndirilən iqtisadiyyat - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etməyə yönəlmiş sistemli islahatlarla daim təkmilləşən iqtisadiyyatın Azərbaycan modeli dayanır. Bu modelin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və İlham Əliyev tərəfindən müasir tələblərə uyğun modernləşdirilərək inkişaf etdirilib". Dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə ayrılan vəsaitin digər sahələrdən dəfələrlə fərqləndiyini deyən E. İbrahimov 2019-cu ilin dövlət büdcəsində bu sahəyə 874 milyon manat həcmində vəsait ayrılıb: "Bütün bunlar göstərir ki, Azərbaycan iqtisadiyyatı növbəti illərdə daha inkişaf edəcək, aqrar sahədə əldə etdiyimiz uğurların sayı gündən-günə artacaq".
16 ildə kənd təsərrüfatı məhsullarının ixracı 6 dəfə artıb
Son illər, Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə ciddi addımların atılması ölkə iqtisadiyyatının neftdən asılılığının tədricən aradan qaldırılması, sosial dayanıqlılığının, ərzaq təhlükəsizliyinin etibarlılığının artırılması, iqtisadiyyatın şaxələndirilməsi yüksək ixrac potensiallı qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb edir.Hazırkı nəticələr, bunu deməyə əsas verir ki, verilən proqnozlar artıq özünü doğruldur. Məsələn, 2018-ci ildə respublikamızda 3 milyon 200 min ton taxıl yığılıb. Bu sahədəki iri fermer təsərrüfatlarında və aqroparklarda məhsuldarlıq hektardan 50 sentnerə çatıb, 326 min ton ət, 2 milyon ton süd, 109 min ton quş əti, 233 min ton pambıq tədarük olunub, 1 milyon 500 min ton tərəvəz istehsal olunub, 513 ton barama tədarük edilib, 2 milyon 600 min tut tingi əkilib. Keçən il 13 rayonda 6200 ton tütün, 167 min ton, yəni üzüm yığılıb. Şərab istehsalı isə, 16 il ərzində, 5 dəfə artıb.Eyni zamanda, aqrar sektorun sürətlə inkişaf etməsi yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə böyük töhfələr verir. Belə ki, hazırda fındıqçılıqda 20 min, pambıqçılığın bütün sahələrində 190 min nəfər işləyir. Tütünçülükdə 9500 nəfər işlə təmin olunub. Bundan başqa, çayçılıq, çəltikçilik və arıçılıqda ciddi nailiyyətlər əldə olunub.Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı nitqində bildirib ki, bundan sonra da kənd təsərrüfatında islahatlar dərinləşməli, bu sahə elmi əsaslarla inkişaf etməlidir: "Müasir texnologiyalar və yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı, bundan sonra da, mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşib. Məhz bu siyasətin, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, hazırda ölkəmiz bir çox strateji ərzaq məhsulları üzrə tələbatını yerli istehsal hesabına ödəyir. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Dövlət başçısının respublikada əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı məqsədilə vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr, imzaladığı fərman və sərəncamlar, dövlət proqramları, növbəti illərdə də, Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsində müstəsna əhəmiyyət kəsb edəcək və qarşıya qoyulmuş vəzifələr uğurla icra olunacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB