Millət vəkili: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durğunluq ATƏT-in Minsk qrupunun zəif fəaliyyəti ilə bağlıdır”

"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durğunluq ATƏT-in Minsk qrupunun zəif fəaliyyəti ilə bağlıdır". Bu sözləri tarix elmləri doktoru, millət vəkili Musa Qasımlı SİA-ya verdiyi açıqlamasında deyib. ATƏT-in Minsk qrupunun fəaliyyətinin Azərbaycan üçün qətiyyən məqbul olmadığını dilə gətirən millət vəkilinin sözlərinə görə, həmsədrlər konkret olaraq təcavüzkar Ermənistanla təcavüzə məruz qalan Azərbaycan arasında fərqi görməlidirlər.

Onun sözlərinə görə, əgər ATƏT-in Minsk qrupu həqiqətən də münaqişənin həllini istəyirsə, o zaman Ermənistandan Azərbaycan ərazilərinin boşaldılmasını tələb etməlidirlər.

"Vəziyyətin belə davam etməsi Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan Dağlıq Qarabağ məsələsində canlandırma yaratmaq üçün ATƏT-in Minsk qrupu həmsədrlərindən fəaliyyətlərini gücləndirməyi tələb etməli, fəaliyyətlərinin Azərbaycan ictimaiyyətində narazılıq doğurduğunu bəyan etməlidir. Həmsədrlərin yarıtmaz fəaliyyəti Rusiya ABŞ, Fransanı Azərbaycan ictimaiyyətinin gözündə nüfuzdan salır", - deyə, millət vəkili qeyd edib.

Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən imtina etməsi məsələsinə gəlincə M. Qasımlı bildirib ki, Azərbaycanın belə bir hüququ olsa da bunu etməməlidir: "Çünki hər şeyi sıfırdan başlamaq xeyir gətirməz. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin gücləndirilməsini tələb etməliyik".

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində hərbi təlimlər keçirməsi məsələsinə də toxunan millət vəkili vurğulayıb ki, düşmən ölkənin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti beynəlxalq hüquq normalarından irəli gələn prinsiplərə ziddir. M. Qasımlı qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərində hərbi təlimlər keçməsi dünya birliyinin iradəsinə meydan oxumaq deməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə