Akif Nağı: ”Ermənilər Dağlıq Qarabağa məskunlaşmağa cəhd etsələr də buna nail ola bilmirlər”

Akif Nağı: ”Ermənilər Dağlıq Qarabağa məskunlaşmağa cəhd etsələr də buna nail ola bilmirlər”

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri başlayıb. ABŞ, Rusiya və Fransadan olan həmsədrlər artıq bu gün Ermənistanda görüşlər keçirib. Sabah isə onların Azərbaycana səfəri nəzərdə tutulub. Ekspertlər isə həmsədrlərin növbəti səfərindən də heç nə gözləmir.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hesab edir ki, bu səfər əvvəlkilərindən heç nə ilə fərqlənməyəcək. SİA-ya açıqlamasında Astana görüşündən əvvəl həmsədrlərin regiona səfərini xatırladan A.Nağı bildirib ki, həmin vaxtdan problemlə bağlı sükut hökm sürür. QAT sədri hesab edir ki, Minsk qrupu münaqişə ilə bağlı yanaşmalarını dəyişməyincə, hansısa irəliləyişdən söhbət gedə bilməz: "Nə qədər ki, Ermənistanın işğalçılıq siyasətini dəstəkləyirlər, işğalçı ilə işğala məruz qalan arasında bərabərlik işarəsi qoyurlar və hər iki tərəfin məsuliyyət daşıdığını bildirirlər, münaqişəni həll etmək mümkün deyil. Həmsədrlərin növbəti səfəri də danışıqlar görüntüsü yaratmaqdan başqa bir şey deyil. Azərbaycan cəmiyyətində də bu qurumun fəaliyyəti ilə bağlı mənfi fikirlər kök salıb. Hər halda başqa bir qurum olsaydı, onun fəaliyyəti çoxdan dayandırılaydı. Fəaliyyətini nə üçün davam etdirirlər, mənə elə gəlir ki, bu absurd bir şeydir".

Qurumun faktaraşdırıcı missiyasının gecikdirilən hesabatına da toxunan A.Nağı bildirib ki, bu fakt da ATƏT-in ikili standartlardan çıxış etdiyini sübut edir: "Missiyanın işğal olunmuş torpaqlarda olduğu zaman bəlli oldu ki, onlar faktlara obyektiv qiymət verməkdən uzaqdırlar. Missiyanın tərkibində ukraynalı ekspert də var idi. Mətbuatda yayılan məlumata görə, o, Kəlbəcərdə olarkən özünü saxlaya bilməyərək bildirmişdi ki, ermənilər bu qədər ərazini zəbt ediblərsə, işğalçıdırlar, niyə onlarla yumşaq danışmalıyıq. Həmsədrlər onu neytrallaşdıraraq artıq-əskik danışmağa imkan vermədilər. Hesabatın açıqlanması da gecikdirilir. Buradan da görünür ki, qurum obyektiv hesabat hazırlamaq fikrindən uzaqdırlar. Elə hesabat hazırlayırlar ki, Ermənistanın xətrinə dəyməsinlər".

Dağlıq Qarabağın Ermənistan tərəfindən məskunlaşdırılması ilə bağlı xarici ölkələrin mətbuatında gedən xəbərlərə də toxunan QAT sədri qeyd edib ki, ermənilər buna cəhd etsələr də, hələ ki, bu onlarda alınmır. O, bildirib ki, ermənilər Dağlıq Qarabağı nəinki məskunlaşdırıblar, əksinə buradakı əhali azalıb: "Ermənilər daha çox Laçın və Kəlbəcəri məskunlaşdırmağa çalışırlar. 2005-ci ildə də faktaraşdırıcı missiya ərazidə olmuşdu və təsdiq olunmuşdu ki, Laçının ərazisində on minə yaxın xaricdən gətirilmiş erməni var. Ermənilər 15 il bundan əvvəl deyirdilər ki, onlar Dağlıq Qarabağın əhalisinin 300 minə çatdırmağı planlaşdırırlar. Sonradan onların verdiyi məlumata görə, Dağlıq Qarabağda 137 min erməni yaşayır. 1989-cu ilin statistikasına görə, Dağlıq Qarabağda 189 min əhali yaşayırdı, onun 145 minini isə ermənilər təşkil edirdi. Məlum olur ki, 20 il ərzində ermənilərin sayı artmayıb, əksinə azalıb. Ermənilərin arxayınçılığı da beynəlxalq təşkilatların dəstəyindən doğur".

Bütün xəbərlər Facebook səhifəmizdə