"Uğurlu sosial islahatlar əhalinin rifahının yüksəldilməsinə hesablanıb" VÜQAR SEYİDOV

"Uğurlu sosial islahatlar əhalinin rifahının yüksəldilməsinə hesablanıb" VÜQAR SEYİDOV

"Sürətli sosial-iqtisadi inkişaf dövrünü yaşayan Azərbaycanın əldə etdiyi uğurlar, tərəqqi hər bir vətəndaşın həyatında hiss olunur və insanların rifah halı günü-gündən yaxşılaşır". Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib. Qeyd edib ki, əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı və pensiyaların, eləcə də, büdcədən maliyyələşən insanlara ödənilən vəsaitlərin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, vaxtaşırı artırılması və bu qəbildən olan digər tədbirlər ölkədə sosial sferada vəziyyətin daha da yaxşılaşmasını xarakterizə edən mühüm amillərdir. Son bir ildə dövlət başçısı tərəfindən uğurlu sosial islahatların həyata keçirildiyini bildirən V.Seyidov bunun Prezident İlham Əliyevin siyasi fəaliyyətində, məhz insan, vətəndaş amilinin, ölkədə sosial rifah və sabitliyin təminatının əsas yer tutduğunu bir daha təsdiq etdiyini vurğulayıb. "Təkcə bu ilin ötən dövründə, Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi vətəndaşların rifahına ciddi dəstək olan inqilabi addımların atılmasına imkan verib", - deyən rayon təşkilatının sədri dövlət başçısı İlham Əliyevin fevral ayında imzaladığı 8 Sərəncam və 4 Fərmanın sıravi vətəndaşın sosial vəziyyətinin yaxşılaşdırılması, aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, müharibə veteranlarının, şəhid ailələrinin və başqa kateqoriyadan olan insanların sosial müdafiəsinin gücləndirilməsinə hesablandığını və bu tədbirlərin sosial sahədə inqilabi dəyişikliklərin başladığını xarakterizə etdiyini bildirib: "Prezident İlham Əliyevin sosial islahatlar paketinin uğurlu nəticəsi 8 fevral 2019-cu il tarixli Sərəncamla ölkədə minimum əməkhaqqının 180 manata çatdırılması oldu. Minimum əməkhaqqının yaşayış minimumuna çatdırılmasına imkan verən bu artım, eyni zamanda, qeyri-rəsmi əmək münasibətlərinin də leqallaşdırılmasına müsbət təsirini göstərir. Prezidentin 19 fevral 2019-cu il tarixli Fərmanı isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyinin təmin olunmasına xidmət etməklə, Azərbaycanın sosialyönümlü dövlət siyasətinin əsasında humanizm prinsiplərinin dayandığının növbəti təsdiqi oldu. Beləliklə, ötən dövr ərzində, Prezident İlham Əliyevin sosial islahatlar paketi 3 milyon vətəndaşın rifahında əhəmiyyətli rol oynayan mühüm addımların atılmasına imkan verdi".

Prezident İlham Əliyevin "Minimum aylıq əməkhaqqının artırılması haqqında" 2019-cu il iyunun 18-də imzaladığı Sərəncamın respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan inqilabi addımların davamı olduğunu diqqətə çəkən V.Seyidov bu Sənədin ölkədə sosial rifahın yüksəldilməsinin Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq etdiyini bildirdi: "Bu istiqamətdə cari il ərzində, artıq ikinci böyük sosial paketin reallaşdırmış oldu. Bütövlükdə, müəllimlərdən tutmuş hərbi qulluqçulara, özəl və dövlət sektorunda çalışanlara qədər 2 milyondan artıq vətəndaşın əməkhaqqının artması ilə nəticələnən sərəncamlar cəmiyyət tərəfindən sevinclə qarşılandı. Dövlət başçısının bu sərəncamları ölkədə yaşayış səviyyəsinin yüksəlməsinə birbaşa təsir edən qərardır".

Göründüyü kimi, müasir Azərbaycan dövlətinin Qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi keyfiyyətcə yeni mərhələyə qədəm qoyub: "Son 16 ilin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Prezident İlham Əliyevin ölkənin sosial mənzərəsini dərindən dəyişdirən sərəncam və fərmanlar imzalaması onu deməyə əsas verir ki, Azərbaycan hökumətinin bu sahədə həyata keçirdiyi islahatlardan sosial dəstəyə ehtiyacı olan bütün ölkə vətəndaşları faydalanır. Ölkəmizdə dövlətin iqtisadi siyasətinin sosialyönümlü olması, ölkə vətəndaşlarının sosial müdafiəsini gücləndirilməsinə diqqətin, insan amilinə verilən yüksək dəyərin nümunəsidir. Dövlətin sosial siyasəti insanların tələbatını və maraqlarını ödəyərək, hər kəsdə fəal həyat mövqeyi formalaşdırır. Ayrı-ayrı vətəndaşlara, sosial qruplara yardım göstərilir. Xalqın rifahın təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətinə yönəlmiş strateji inkişaf proqramı öz nəticələrini verir. Ölkədə mövcud olan və yaradılan bütün yaşayış və xidmət infrastrukturu hər bir vətəndaşa xidmət edir. Prezident İlham Əliyevin Sərəncamı ilə icra olunan dövlət proqramları, həyata keçirilən islahatlar və s. əhalinin sosial rifahının yüksəlməsinə, gəlir əldə etmək imkanlarının genişləndirilməsinə, orta aylıq əməkhaqqının ilbəil yüksəlməsinə, nəticə etibarilə əhalinin həyat səviyyəsinin mütəmadi yaxşılaşmasına səbəb olmuşdur".

Təbii ki, dövlətin fiziki, ruhi cəhətdən müəyyən məhrumiyyətlərə uğramış adamlara qayğısı da ön plandadır, - deyən V.Seyidov bu baxımdan, belə şəxslərin hərtərəfli dövlət qayğısı ilə təmin olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, onların maddi təminatının ildən-ilə gücləndirildiyini vurğuladı: "Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən biri olaraq sosial xidmətlər sahəsində kifayət qədər nailiyyətlər əldə olunub. Sosial xidmətlər ahıllara, sağlamlıq imkanları məhdud, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqlara, əlilliyi olan şəxslərə və digər çətin həyat şəraitində olan vətəndaşlara göstərilir. Müharibə əlillərinin və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işləri də xüsusi vurğulamaq vacibdir. Azərbaycanda müharibə əlillərinin və şəhid ailələrinin mənzillə təminatı sahəsində mühüm tədbirlər davam etdirilir. Müharibə əlillərinə avtomobillər verilib. Bu təbəqədən olan vətəndaşlar üçün Azərbaycanın müxtəlif rayonlarında mənzillərin inşası davam etdirilir. Bütün bunlar Cənab İlham Əliyevin əlilliyi olan şəxslərin sosial təminatının daim yaxşılaşdırılmasına göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir".

Son 16 ildə Cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan böyük inkişaf yolu keçmiş, insanların sosial yüksəlişi təmin olunmuşdur. Bazar iqtisadiyyatı şəraitində sosial ədalət prinsipinin gücləndirilməsi, mütərəqqi beynəlxalq təcrübə əsasında əhalinin bütün təbəqələri üçün bərabər və əlçatan sosial təminat mexanizmi yaradılıb və təkmilləşdirilib.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin siyasəti və gərgin əməyi sayəsində ölkəmizdə, sözün əsl mənasında, sıçrayışlı sosial-iqtisadi inkişafa nail olunub. Azərbaycan bir-birindən əhəmiyyətli uğurlara imza atıb və dünyanın seçilən dövlətləri sırasında yer tutub.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə