Sosial islahatlar paketi əhalinin rifahını daha da yüksəldəcək

Sosial islahatlar paketi əhalinin rifahını daha da yüksəldəcək

"Azərbaycan dövlətinin prioritet istiqamət olaraq qəbul etdiyi sosialyönümlü siyasət əhalinin maddi rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə istiqamətlənmiş xəttdir". Bu fikirləri "SİA"-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov bildirib. Onun sözlərinə görə, dövlət tərəfindən həyata keçirilən sosialyönlü tədbirlər nəticəsində vətəndaşların maddi rifah halı yaxşılaşdırılıb, sosial müdafiə və təminat sistemi gücləndirilib, sosial tələbat və ehtiyacları yüksək səviyyədə ödənilib. Prezident İlham Əliyevin 18 iyun 2019-cu il tarixli sərəncamlarına diqqəti çəkən təşkilat sədri məlum Sənədlər və yeni qanunvericilik təşəbbüsünün 2,1 milyon vətəndaşın əməkhaqqı və pensiyasında ciddi artıma imkan verdiyini vurğulayıb: "Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacağını bəyan edən dövlət başçısının təqdim etdiyi yeni uğurlu sosial paketi bu bəyanatın daha bir real təsdiqidir. Dövlət başçısının 18 iyun 2019-cu il tarixində imzaladığı sərəncamlarla ölkədə minimum əməkhaqqının, həmçinin müxtəlif sahələrdə çalışanların əməkhaqlarının artırılması təmin olunub. Həqiqətən də, bu sosial sıçrayışdır və əhali tərəfindən böyük məmnunluqla qarşılanır. Əmək pensiyasının minimum məbləğinin artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatırılması təmin ediləcək ki, bu da dövlət başçısının təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır". Rayon təşkilatının sədri bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləğinin cari il martın 1-dən artırılaraq, 116 manatdan 160 manata çatdırıldığını qeyd edərək, bunu sosial sahədə inqilabi addım kimi dəyərləndirilməsinin real faktlara söykəndiyini vurğulayıb: "2019-cu il ərzində Azərbaycanda minimum pensiyanın məbləği ümumən 72,4 faiz artırılmaqla, 116 manatdan 200 manata çatdırılıb. Sosial sahədə yeni inqilabi addımlar olan bu artımlar Prezident İlham Əliyevin uğurlu sosial sosial siyasətinin daha bir mühüm nailiyyətidir. Təbii ki, son vaxtlar artan maliyyə imkanlarımız əhalinin digər sosial ehtiyaclarının ödənilməsinə yol açır. Dövlət başçısının imzaladığı sərəncamlar bir daha göstərir ki, ölkəmizin artan maliyyə imkanları ilk növbədə əhalinin sosial rifahının gücləndirilməsinə təsirini göstərir. Məlumdur ki, Prezident İlham Əliyevin fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı sosial sahədə atılan addımların davamı kimi ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı. Bütövlükdə, bütün bunlar təsdiqləyir ki, dövlət öz vətəndaşının sosial rifahı üçün bütün lazımlı addımları atır".

Bu gün Azərbaycanın inkişaf və tərəqqi dövrünü yaşadığını deyən rayon təşkilat sədri müasir, modern dövlət olaraq tanınan ölkəmizin Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində iqtisadi islahatları reallaşdıran, innovativ inkişafa yol açan dövlətə çevrildiyini qeyd edib: "Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir. Bu uğurlar ölkəmizdə hökm sürən sabitliyin, əmin-amanlığın mövcudluğunu təsdiqləyir. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, sabitlik olmayan yerlərə investisiyalar qoyulmur, inkişaf olmur, vəziyyət mənfi istiqamətdə inkişaf edir. Ölkəmiz 2003-cü ildən yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövrün çağırışlarının öhdəsindən yüksək səviyyədə gəlir. Əgər bu gün Azərbaycanın qazandığı biri-birindən əhəmiyyətli uğurlarından bəhs ediriksə, gələcəkdə daha möhtəşəm uğurlardan danışacağıq. Həyat davam edir və bu davamlılıq inkişaf, tərəqqi ilə müşayiət olunanda daha böyük ruh yüksəkliyi yaradır. Bu uğurlara yol açan əsas amil isə möhkəm təmələ əsaslanan siyasətdir".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə