Dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır TƏHLİL

Dövlət siyasətinin mərkəzində vətəndaş amili dayanır TƏHLİL

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə minimum əməkhaqqının bu il artıq ikinci dəfə artırılması sözün əsl mənasında təqdirəlayiqdir və bu, ölkə başçısının Azərbaycan vətəndaşlarına diqqət və qayğısının bariz nümunəsidir. Bu eyni zamanda onun göstəricisidir ki, dövlət siyasəti ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə xidmət edir və bu siyasətin mərkəzində vətəndaş amili dayanır.

Bu il artım birinci dəfə “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2019-cu il tarixli sərəncama əsasən reallaşdırıldı. Bu artıma görə martın 1-dən minimum əməkhaqqı səviyyəsi 38,4% yüksəldi. Nəticədə isə minimum əməkhaqqının məbləği 180 manat təşkil etdi. Bu göstərici özü sıradan bir nəticə deyildi və qeyd etmək xüsusilə yerinə düşərdi ki, belə bir artımla ölkəmizdə ilk dəfə minimum əməkhaqqı məbləği yaşayış minimumu səviyyəsi ilə bərabərləşdirildi.

Artım vətəndaşların yaşayış səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsirini göstərəcək

Çox sevindirici haldır ki, artıq cari ilin birinci yarısında əməkhaqları ikinci dəfə artırıldı və ölkə başçısının, Cənab İlham Əliyevin bu barədə sərəncamı vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Çünki bu sərəncam ölkə vətəndaşlarının rifah halının, yaşayış şəraitinin daha da yaxşılaşması deməkdir. Bu isə öz növbəsində hər bir vətəndaşın ayrı-ayrılıqda daha yaxşı, daha üstün yaşayış şəraitinin təminatı, imkanlarının artması anlamına gəlir ki, bütün bunlar vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməyə bilməz. Hər bir Azərbaycan vətəndaşı dövlət başçısının diqqət və qayğısı ilə əhatə olunduğunu çox yaxşı başa düşür və məhz bu baxımdan da öz rəhbərini daim dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” 18 iyun 2019-cu il tarixli Sərəncamına əsasən cari il 1 sentyabr tarixindən minimal maaş məbləği 250 manat təşkil edəcək. Bu rəqəm eyni zamanda 38,8 faiz artım deməkdir. Yəni, təqribən 40 faizə qədər artım heç də kiçik göstərici deyil və bu artım vətəndaşların yaşayış səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsirini göstərəcək.

Minimum əməkhaqqının Azərbaycanda tətbiqi və mütəmadi artırılması dövlət siyasətinin mərkəzində vətəndaş amili dayandığını isbatlayır

Minimum aylıq əməkhaqqı dedikdə nə başa düşülür və mahiyyəti nədən ibarətdir? Ümumiyyətlə, minimum əməkhaqqı və onun artırılması vətəndaşlara nə kimi imkanlar vəd edir? Bu mexanizmin üstünlüyü nədir və niyə ölkəmizdə bu mexanizmdən istifadəyə üstünlük verilir? Xatırladaq ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə verilən ən aşağı ödəniş səviyyəsidir. Bu səviyyənin, yəni minimum aylıq əməkhaqqının artırılması yalnız Prezident sərəncamı ilə reallaşdırılır. Bu mexanizmin üstün cəhəti ondan ibarətdir ki, bütün ölkə vətəndaşlarının, ümumilikdə bütün sektorlarda çalışan insanların əməkhaqqı ödənişlərini bu mexanizm vasitəsilə tənzimləmək mümkündür. Ödənişlərin artımını həyata keçirmək üçün də bu mexanizmin rolu əvəzsizdir.
Niyə bu mexanizmin rolu əvəzsizdir, sualı düşündürə bilər. Bütün dünya ölkələrində də bu mexanizm tətbiq olunurmu, kimi suallar da ağıla gəlir. Məsələnin mahiyyətini düşündükcə bu mexanizmin üstün, əvəzsiz olduğu qənaətinə gəlmək çətin deyil. Təsəvvür edək ki, Prezident sərəncam imzalayır və konkret bir sahədə yaxud konkret bir sektorda əməkhaqları bu sərəncamın tələbləri ilə artır, amma digər sahələr və sektorlara bu şamil edilmir. Bu isə o deməkdir ki, artımdan bütün ölkə vətəndaşları yararlana bilmir. Bir növ cəmiyyətdə ayrıseçkilik yaranır və vətəndaşlara sanki fərq qoyulur. Minimum əməkhaqqının tətbiqi məhz bu ayrıseçkiliyin qarşısını alan, fərq qoyulmasını aradan qaldıran ən unikal mexanizmdir. Yeri gəlmişkən qeyd edək ki, inkişaf etmiş ölkələrdə belə yalnız gündəlik və saatlıq əməkhaqqı ödənişi üzrə minimal hədd sistemi mövcuddur. Yəni, hazırda minimum əməkhaqqı mexanizmi heç də bütün dünyada tətbiq olunmur və bunun Azərbaycanda tətbiqi dövlət siyasətinin mərkəzində vətəndaş amili dayandığını isbatlayır. Eyni zamanda, mütəmadi olaraq əməkhaqqı minimumunun artırılması isə ölkə başçısının vətəndaşlara diqqət və qayğısını təsdiq edir.

Vətəndaşların təminatının arxasında Azərbaycan dövləti, onun Prezidenti dayanır və ölkə vətəndaşları bundan çox razıdırlar

Azərbaycanda minimum əməkhaqqının dəyişmə, daha doğrusu artım dinamikasına nəzər salaq. Minimum əməkhaqqı 2006-cı ilin oktyabrından 30 AZN, 2007-ci ilin fevralından 50 AZN, 2008-ci ilin yanvarından 60 AZN, 2008-ci ilin avqustundan 75 AZN, 2010-cu ilin sentyabrından 85 AZN, 2011-ci ilin dekabrından 93,50 AZN, 2013-cü ilin sentyabrından 105 AZN, 2017-ci ilin yanvarından 116 AZN, 2018-ci ilin yanvarından 130 AZN, 2019-cu ilin martından 180 AZN olub və cari ilin sentyabrından isə 250 AZN olacaq. Bu artım dinamikasına nəzər saldıqda görürük ki, 2006-cı ilin oktyabrından bu vaxta qədər minimum əməkhaqqı 30 manatdan 250 manata qaldırılıb. Bu isə o deməkdir ki, həmin müddət ərzində əməkhaqqı minimumu səkkiz dəfə artıb. Ələlxüsus son dövrün artımlarının daha böyük olduğu da bir reallıqdır. Nəzərə alsaq ki, ötən ilin yanvar ayına qədər minimum əməkhaqqı 116 manat olub, deməli, bir il yarımda bu səviyyənin 250 manata çatması iki dəfədən də bir qədər çox artım deməkdir.
Daha bir diqqət çəkən və təqdirəlayiq məqam isə minimum əməkhaqqının yaşayış minimumu səviyyəsi ilə tarazlaşması və hətta həmin səviyyəni ötüb keçməsidir. Nəzərə almaq lazımdır ki, minimum əməkhaqqı ilk dəfə olaraq bu ilin əvvəlində yaşayış minimumu ilə bərabərləşib. Bu fakt özü xüsusilə diqqət çəkən bir məqamdır və artıq minimum məbləğin belə vətəndaşların yaşayış minimumunu təmin edəcək həddə çatması ölkə vətəndaşlarının tam təminatı deməkdir. Bu ilin əvvəlində yaşayış minimumu həddinə çatdırılan minimum əməkhaqqının cəmi 4 ay sonra bu səviyyəni də ötüb keçməsi heç də sıradan bir hadisə deyil və təminatın daha yüksək səviyyədə olduğunun təsdiqidir. Sözsüz ki, vətəndaşların təminatının arxasında Azərbaycan dövləti, onun Prezidenti dayanır və ölkə vətəndaşları bundan çox razıdırlar. Çünki dövlətin və dövlət başçısının diqqət və qayğını hər zaman olduğu kimi indi daha çox hiss edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə