"Danışıqların əsası Madrid prinsipləri olsa, o bizim xeyrimizədir" ÖZƏL - ŞƏRH

"Danışıqların əsası Madrid prinsipləri olsa, o bizim xeyrimizədir" ÖZƏL - ŞƏRH

"Vaxtilə Ki Uest şəhərində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə görüş keçirilmişdi. Həmin görüşdə Ermənistanın sabiq prezidenti Robert Koçaryan da iştirak etmişdi. Orada Ulu Öndər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox sərt və prinsipial mövqeyimizi bildirmişdi. O vaxt bizim mövqeyimiz konkret olaraq Amerika dairələri tərəfindən qəbul olunmuşdu və yüksək qiymətləndirilmişdi". Bunu SİA-ya açıqlamasında politoloq Fikrət Sadıqov deyib.

Politoloqun sözlərinə görə, həmin hadisə Amerika mətbuatında çox yaxşı əks olunmuşdu: "Bizim indi də ABŞ-la münasibətlərimiz kifayət qədər yüksək səviyyədədir. Bildiyiniz kimi 28 May-Respublika Günü münasibətilə ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidenti cənab İlham Əliyevə çox yaxşı bir məktub yazmışdı. Mən həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun regiona səfərini də qeyd etmək istərdim. O İrəvanda açıq şəkildə demişdir ki, bu məsələyə nöqtə qoymaq lazımdır. Yəni işğal olunmuş torpaqları azad etmək lazımdır. Hətta bundan sonra Ermənistanın müəyyən siyasi dairələri panikaya düşmüşdülər. Erməni mətbuatı bu barədə yazırdı.

İndi də Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilir. Hər halda ABŞ super dövlətdir. Əgər ABŞ və onun Dövlət Departamenti öz ərazisində özünün iştirakı ilə belə bir görüşün keçirilməsinə şərait yaradırsa, deməli burada müəyyən maraqlar vardır. Bu heç də o demək deyil ki, bu gün və yaxud sabah məsələyə nöqtə qoyulacaq, hər şey həll olunacaq. Amma bu istiqamətdə artıq müəyyən addımlar atılır. Düşünürəm ki, bu danışıqların əsası Madrid prinsipləri olsa, o bizim xeyrimizədir. Çünki orada söhbət mərhələli prinsiplərdən gedir. Əgər bu prinsip danışıqlarda əsas prinsip kimi istifadə olunsa, düşünürəm ki, müəyyən nəticələr ola bilər".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə