“Prezidentin həyata keçirdiyi islahatların miqyası genişlənir" ÖZƏL-ŞƏRH
“Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Təsadüfi deyil ki, ötən il seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub”. Bunu SİA-ya millət vəkili Cavid Osmanov deyib.
Deputatın sözlərinə görə, dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə bu ilin əvvəlində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırılmışdı: “Prezident İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu.
Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinət 50 faiz artırıldı ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir. Həmçinin bu il tələbələrin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu.
Qeyd etdiyiniz kimi, iyunun 18-də dövlət başçısının imzaladığı Sərəncamla minimum əməkhaqqının məbləğı 250 manata çatdırılıb. Bu qərar sentyabrın 1-də qüvvəyə minəcək. Belə bir qərarın verilməsi çox önəmli bir addımdır. Bu fakt bir daha göstərir ki, dövlətimizin siyasətində vətəndaş amili öndə dayanır. Dövlət başçısının digər sərəncamları ilə müxtəlif sahələrdə çalışan insanların da əməkhaqları artırılıb.
Göründüyü kimi, sosial sahədə atılan bu mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir. Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən çox yüksək qarşılanır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB