"Sosial islahatların dərinləşməsi üçün münbit şərait yaranıb" RƏY-ÖZƏL

"Sosial islahatların dərinləşməsi üçün münbit şərait yaranıb" RƏY-ÖZƏL

“Dövlət başçısının əməkhaqlarının artırılması ilə bağlı imzaladığı sərəncamların əhatə dairəsi geniş olmaqla yanaşı, ələlxüsus da əhalinin həssas qruplarının gəlir imkanlarının əhəmiyyətli dərəcədə artırılması müvafiq kateqoriyadan olan insanların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını daha da artırmaq məqsədinə xidmət edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisi deputatı Mirzəcan Xəlilov deyib.

O bildirib ki, iyunun 18-də dövlət başçısının müvafiq sərəncamları ilə minimum əməkhaqqının və müxtəlif kateqoriyalar üzrə əməkhaqlarının artırılması da Azərbaycanda həyat keçirilən uğurlu sosial siyasətin parlaq nümunəsidir: “Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq”.

Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə inqilabi səciyyə daşıyan sosial islahatların yeni mərhələsinə başlanılmasından söhbət açan M. Xəlilov qeyd edib ki, burada ilk növbədə nəzərdə tutulan tədbirlərin reallaşdırılması üçün zəruri iqtisadi bazanın və maliyyə imkanlarının yaradılmasının önəminə diqqət yetirmək lazımdır: “Ölkə başçısının rəhbərliyi ilə həyata keçirdiyi siyasət praqmatik yanaşmalara əsaslanır. O cümlədən də respublikamızda yeni sosial paketin icrasını yüksək səviyyədə təmin etmək üçün iqtisadi və maliyyə əsasları formalaşdırılıb. Ölkənin iqtisadi qüdrətinin artırılması və sosial məsələlərin adekvat şəkildə həll edilməsi istiqamətində görülən işlər paralel şəkildə həyata keçirilir və bir-birini tamamlayır. Bu da Azərbaycanı unikal sosial-iqtisadi inkişaf modelinə malik ölkə kimi səciyyələndirir”.

Deputat əlavə edib ki, cari ilin əvvəlindən respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahat tədbirləri nəticəsində milli iqtisadiyyatımızda son illərin ən yaxşı göstəricilərinə nail olunub: “Təkcə 2019-cu ilin birinci rübündə büdcə daxilolmaları 200 milyon manatdan çox artıb. Öznövbəsində büdcə gəlirlərinin daha artıq məbləğdə təmin edilməsi sosial sahədə islahatların dərinləşməsi üçün münbit şərait yaradıb. Qazanılan əlavə gəlirlər ilk növbədə ölkə vətəndaşlarının sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına, onların gəlir imkanlarının artırılmasına yönəldilir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə