Azay Quliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Azay Quliyev Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevlə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Roland Kobia arasında görüş olub.

SİA-nın xəbərinə görə, Azay Quliyev Azərbaycanda ictimai sektorun inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasətinin prioritetləri haqqında danışaraq, ölkə QHT-lərinə dövlət dəstəyini reallaşdıran Şuranın son 3 ildə gördüyü işlər barədə Avropa İttifaqı nümayəndəliyinin rəhbərinə məlumat verdi.

A.Quliyev ötən illərdə Şuranın Azərbaycanda fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışaraq, Avropa İttifaqı ilə də belə əlaqələrin vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcəyini bildirdi.

Səfir R.Kobia Şuranın fəaliyyətini müsbət qiymətləndirdiyini qeyd edərək, Avropa İttifaqının son illər QHT-lərin proqram və layihələrinə maliyyə dəstəyi verdiyini diqqətə çəkdi. Səfir, həmçinin, Avropa İttifaqının müvafiq qurumlarının təkcə hökumət strukturları ilə deyil, QHT-lərlə də sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu vurğuladı.

Yekunda Şura ilə Avropa İttifaqı arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi haqqında razılığa gəlindi.

Bütün xəbərlər Facebook səhifəmizdə