Fazil Mustafa: “Dövlət təqaüdünü və yaxud hansısa adı hakimiyyət deyil, dövlət verir”

Fazil Mustafa: “Dövlət təqaüdünü və yaxud hansısa adı hakimiyyət deyil, dövlət verir”

Məlum olduğu kimi, Milli Məclisin 1 fevral iclasında Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 70 yaşı tamam olan hüquq müdafiəçisi Novella Cəfəroğlunun prezident təqaüdü və ya hansısa dövlət mükafatı ilə təltif olunması üçün ölkə rəhbərliyi qarşısında məsələ qaldırmağı xahiş edib. N.Cəfəroğlu millət vəkilinə təşəkkür edərək bildirib ki, dövlət ona təqaüd ayırarsa, qəbul edəcək.

 

Müxalifətin bəzi nümayəndələri isə bu məsələyə fərqli prizmadan yanaşıb. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu: "Hakimiyyət Azərbaycan xalqının inkişafına heç bir xeyri dəyməyən insanları, müəyyən maraqlar baxımından iqtidarın siyasi kursunu müdafiə edənləri mükafatlandırır və bu baxımdan hüquq müdafiəçisinin mükafatı almasını istəmir", - açıqlamasında bildirib.

 

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə söyləyib ki, hüquq müdafiəçisinin dövlət təqaüdü, yaxud da mükafat alması hökumətin asılılığına keçməsi deməkdir.

 

N.Cəfəroğluna dövlət təqaüdü verilməsi təklifi ilə çıxış edən millət vəkili F.Mustafa isə hesab edir ki, ortaya qoyulan yanaşmalar doğru deyil. SİA-ya açıqlamasında o, bildirib ki, dövlət təqaüdü almaq hamının haqqıdır: "Bu məsələdə hər kəs mövqeyini bildirə bilər. Amma hesab edirəm ki, səslənən fikirlər məsələyə normal yanaşmanı ortaya qoymur. Dövlətin verdiyi hər hansı bir imtiyaz dövlətin pulundan gedir. Dövlət təqaüdünü və yaxud hansısa adı hakimiyyət deyil, dövlət verir. Bu təqaüdü və adı almaq da hamımızın haqqıdır. Prezidentin özü də təqaüd ala bilər".

 

F.Mustafa qeyd edib ki, dövlət təqaüdü ilə hakimiyyətin tənqidi arasında hansısa əlaqə axtarmaq da düzgün deyil: "Elə dövlət təqaüdçüləri var ki, hakimiyəti tənqid edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə