Təhsil naziri: “Korrupsiya ilə mübarizə sahəsində əsas sözümüzü kollegiya iclasında deyəcəyik”

"Bir neçə gündən sonra Təhsil Nazirliyində geniş kollegiya iclası keçirəcəyik. Biz tələsik söz deməyə hazırlaşmırıq. Korrupsiya ilə mübarizə sahəsində əsas sözümüzü həmin kollegiyada deyəcəyik". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin korrupsiyaya qarşı mübarizə tədbirləri ilə bağlı dövlət qurumlarına verdiyi müvafiq tapşırıqlardan sonra icra ediləcək tədbirlərə münasibət bildirərkən deyib. O bildirib ki, nazirlik hər zaman nöqsanlara yol verən əməkdaşlarını işdən çıxarır və onlar barədə müvafiq tədbirlər görür. Nazirin sözlərinə görə, 2010-cu ildə də belə tədbirlər olub və hər biri haqqında daha ətraflı keçiriləcək kollegiya iclasında məlumat veriləcək.

Daha sonra nazir 24 saatdan artıq dərs deyən müəllimlərlə bağlı məsələyə də münasibət bildirib. O qeyd edib ki, bu tədris ili üçün məktəbdə dərs deyən müəllimlər narahat olmasınlar və öz işlərini davam etdirsinlər: "Növbəti tədris ili üçün 24 saatdan çox dərs deyən müəllimlər müvafiq əmək haqları alacaqlar. Artıq yerlərə də bu barədə əmr göndərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə