Bu gün böyük tarixi gün kimi qeyd etdiyimiz 15 İyun Milli Qurtuluş Günündən 26 il ötür
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən Azərbaycana rəhbərliyə qayıdışından sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı. XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi hadisələr nəticəsində, ölkəmizdə bütün sahələrdə tənəzzül yaranmışdı. Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi kursu sayəsində, Azərbaycan özünün müstəqilliyinin sütunlarını möhkəmlətdi, onun dünyaya inteqrasiya olunmasına töhfələrini verdi. Ulu Öndər Heydər Əliyev Şəxsiyyət, Siyasi Xadim, xalqın dayağı, onun hərəkətverici qüvvəsi olaraq, Azərbaycan tarixində əsrin Lideri olduğunu təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi idi ki, müasir dövrün tələbləri çərçivəsində dünya xalqlarına böyüklüyünü göstərə bildi.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmizdə böyük sıçrayış baş verdi. Həmin tarixə qədər son illərdə baş verən hadisələr, xalqı, bütövlükdə, uçuruma sürükləyən məqamlar - istər ölkə daxilində, istərsə də xaricində onun sütunlarını zəiflətməyə başlamışdı. Belə bir zamanda, xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn, Qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil edən Ulu Öndər Heydər Əliyev Ona etimad göstərənlərin ümidini doğrultdu. Ulu Öndərin məqsədyönlü siyasəti ilə Azərbaycanın şanlı və silinməz tarixi yazıldı. Ölkə daxilində aparılan məqsədyönlü işlər, eləcə də, sərhədlərdən kənarda Azərbaycanın yürütdüyü siyasət müstəqil dövləti möhkəmlətdi və əbədiləşdirdi. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər və şirkətlər qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünki Azərbaycan müstəqilliynini qazanmış olsa da, ölkədə xaos, anarxiya və özbaşınalıq baş alıb gedirdi. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı zamanda, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə Yeni Azərbaycan Partiyası siyasi səhnəyə gəldi. Bu, o zaman idi ki, cəmiyyət ümumxalq inamına malik olan və ilk növbədə, milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq, ölkəni böhrandan xilas etməyə qadir olan yeni siyasi qüvvəyə ehtiyac duyurdu.
HÜQUQİ, DEMOKRATİK, DÜNYƏVİ DÖVLƏT QURUCULUĞU YOLU İLƏ İRƏLİLƏYƏN MÜSTƏQİL AZƏRBAYCANDA ƏN YÜKSƏK TƏLƏBLƏRƏ CAVAB VERƏN NORMATİV-HÜQUQİ BAZA YARADILDI
1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. Ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsi önəmli idi ki, Ulu Öndər Heydər Əliyev də müdrikcəsinə dövrün irəli sürdüyü bu tələbləri müstəqil Azərbaycan dövlətində ardıcıl şəkildə həyata keçirdi və ölkəmizdə yeni iqtisadi mühit, azad bazar iqtisadiyyatı formalaşdı. Sonrakı dövrlərdə Azərbaycan vətəndaşlarının sosial durumunun yaxşılaşdırılması ilə bərabər, dövlət quruculuğu siyasətinin ardıcıl surətdə həyata keçirilməsi, Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun artırılması istiqamətində addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub-saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi. 1995-ci ildə qəbul edilmiş konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi, ilk dəfə olaraq, insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişafı kimi seçdi. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində, qəbul olunmuş bu Sənəd, müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazıldı. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə, dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar yaratdı. Heydər Əliyev, Böyük Şəxsiyyət olaraq, cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görür və buna xidmət edən bütün zəruri tədbirləri həyata keçirirdi. Onun gərgin səyləri nəticəsində hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması və qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı.
Bugünkü mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də, beynəlxalq aləmdə ölkəmizə inamın və marağın artması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın diplomatik üstünlük əldə etməsi, məhz Heydər Əliyev siyasətinin təntənəsidir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub.
MÜSTƏQİL AZƏRBAYCANIN QAZANDIĞI MÖHTƏŞƏM NAİLİYYƏTLƏR ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARININ TƏNTƏNƏSİDİR
Fəxarət hissi ilə deyə bilərik ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bəhrəsini verir və bu strategiya sayəsində dövlətimizin üçrəngli bayrağı dünyanın ən ali beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvü kimi dalğalanır. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu siyasətin bəhrəsidir. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb və dövlətimiz böyük yollar keçib.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində, Azərbaycan bütün istiqamətlərdə dünyanın dinamik inkişafda olan ölkələrdən birinə, tolerant və multikultural nümunələri ilə beynəlxalq mərkəzə çevrilib. Azərbaycan dövlətinin Qurucusu və Memarı olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə dini, milli və etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə, ardıcıl tədbirlər həyata keçirdi. Azərbaycan xalqının adət-ənənələri, milli-mənəvi dəyərləri ilə fəxarət hissi keçirən Ulu Öndər Heydər Əliyev dini abidələrə, məscidlərə ehtiyatla və böyük həssaslıqla qayğı göstərdi. Bunun nəticəsidir ki, müasir dövrümüzdə ölkəmizdə islami dəyərlər, multikulturalizm məktəbi və tolerantlıq yeni dövrünü yaşayır. Müasir dünyamızda Azərbaycan dinlərarası, millətlərarası münasibətlərdə dünya üçün örnək, tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan dövlətə çevrilib. Ölkədə formalaşan tolerantlıq və dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən ənənədir. Ümummilli Liderin siyasi irsinin layiqli varisi və davamçısı Prezident İlham Əliyev tərəfindən həyata keçirilən alternativsiz uğurlu siyasətin nəticəsidir ki, artıq Azərbaycan mühüm nüfuzlu beynəlxalq tədbirlərə və müxtəlif idman yarışlarına ev sahibliyi edir.
Müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı möhtəşəm nailiyyətlər Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi və milli tariximizin şanlı səhifələridir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB