Ramiz Həsənov Fransada işgüzar səfərdə olub

Ramiz Həsənov Fransada işgüzar səfərdə olub

Cari ilin 2-3 fevral tarixlərində Fransanın paytaxtı Parisdə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Fransa Əqli Mülkiyyət İdarəsi tərəfindən təşkil olunmuş kontrafakt və piratçılıqla mübarizə üzrə VI Qlobal Konqres keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri Ramiz Həsənov iştirak edib. Qurumdan SİA-ya verilən xəbərə, Konqres "Əqli mülkiyyətə hörmətin təmin edilməsi – qlobal problemlərin effektli həlli" adı altında keçirilib.

Konqresin işində 100-ə yaxın ölkə və beynəlxalq təşkilatdan 800-dək qonaq iştirak edib. Əsas müzakirə mövzuları konrtrafakt və piratçılıqla mübarizə istiqamətində əqli mülkiyyət sahəsinin inkişaf etdirilməsinin zəruriliyi, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi, əqli mülkiyyətə hörmət mühitinə yeni yanaşmanın bərqərar olması, korporativ məsuliyyət, internet vasitəsilə ticarətin yaratdığı problemlər və s. olub.

Konqresdən sonra Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Sədri Ramiz Həsənov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Sədri Frensis Qarri ilə görüşüb. Görüş zamanı ikitərəfli əməkdaşlıq əlaqələrinə bir daha nəzər yetirilib. Frensis Qarri onu Azərbaycana dəvət edən Ramiz Həsənova təşəkkür etmiş və bu dəvəti böyük məmnuniyyətlə qəbul edib.

Səfər çərçivəsində Komitə Sədri Ramiz Həsənov Fransa Əqli Mülkiyyət İdarəsinin direktoru İv Lapyer ilə də görüşmüşdür. Görüşdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə edilmiş, bununla bağlı qarşılıqlı hüquqi sənədlərin hazırlanması və qəbul edilməsi təklif edilib. Əsas diqqət coğrafi göstəricilərin, adların mühafizəsi, bu sahədə hüquq pozuntularının qarşısını almaq üçün birgə mübarizə və s. məsələlər olub.

4 fevral 2011-ci il tarixində isə Komitə Sədri Ramiz Həsənov mərkəzi ofisi Paris şəhərində yerləşən Ölçülər və Çəkilər üzrə Beynəlxalq Büronun direktoru Maykl Kühne və Büronun məsul şəxsləri ilə görüş keçirib. Əsas müzakirə mövzusu Azərbaycan Respublikasının milli etalonları və ölçü vahidlərinin beynəlxalq tanınması məqsədilə müvafiq işlərin təşkili, bu sahədə Büronun rəy və təkliflərini əldə etmək olub.

Bütün xəbərlər Facebook səhifəmizdə