"Ulu Öndər Azərbaycanı bölünməkdən xilas etdi" ÖZƏL - ŞƏRH

"Azərbaycanın ən yeni tarixində 15 iyun Milli Qurtuluş Günü son dərəcə müstəsna əhəmiyyətə malik bir tarixdir. Fikirləşirəm ki, bir qədər tarixə ekskursiya etməklə o dövrdəki real vəziyyəti canlandıra bilərik və bununla da Milli Qurtuluş Günün dövlətimiz və xalqımız üçün əhəmiyyətini daha dolğun formada çatdıra bilərik". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, iki illik hakimiyyətləri dövründə AXC-Müsavat cütlüyü faktiki olaraq Azərbaycanı idarəetməz vəziyyətə gətirib çıxarmışdı: "O vaxtki parlamentin iclaslarının video görüntülərinə baxanda indi də o zamanda kimlərin bizi idarə etmələrinə görə xəcalət hissi keçirir, utanırıq. Ölkədə qanunçuluğu təmin etməli adam, daxili işlər naziri faktiki olaraq quldurun böyüyü idi. Müdafiə naziri hərbi işdən tamamilə məlumatı olmayan, Rusiyanın müəyyən dairələrinin əlində oyuncaq olan başıpozuğun biri idi. Bircə gün belə iş təcrübəsi olmayan adamlar dövlət idarəçiliyini həyata keçirmək iddiasında idilər. Ayrı-ayrı siyasi iddialı şəxslərin nəzarətində olan silahlı qruplaşmalar potensial cinayətkarlardan ibarət idi. Cəbhədə ardıcıl olaraq acınacaqlı məğlubiyyətlər rayonlarımızın işğalı ilə nəticələnirdi. Gəncədə Surət Hüseynovun əlinin altında olan bir qrup silahlı şəxs hakimiyyəti iflic vəziyyətinə gətirib çıxarmış, qardaş qanı axıdılaraq ölkədə vətəndaş qarşıdurması yaranmışdı. Surət Hüseynov hakimiyyətin ən yuxarı eşalonunda əyləşən adamları Azadlıq meydanında asaçağı ilə bağlı ultimatum vermişdi və ağır texnikalara təchiz olunmuş silahlı qüvvələr cəbhə bölgəsindən geri çəkilərək artıq Bakıya doğru hərəkət edirdi. Lənkəranda batalyonu ələ keçirmiş Ələkrəm Hümbətov Talış-Muğan Respublikası adı altında birləşdirdiyi yeddi rayonda qanunsuz, anti-konstitusion fəaliyyətlə məşğul idi. Şimalda sadvalçılar ayrı bir “respublika” yaratmaq sevdasına düşmüşdülər. Bu gün də yekə-yekə danışan, o vaxtı ən mühüm siyasi postlarda mövqe tutmuş hazırki müxalifətin ölkədə yaratdığı real vəziyyətin qısa xronikası məhz bu cür idi.

Xalqın təkidli tələbi ilə Bakıya qayıdan böyük siyasi xadim, ulu öndər Heydər Əliyev Azərbaycanı məhv olmaqdan, qardaş qırğınından, bölünməkdən xilas etdi. Bu hadisəni müstəqilliyimizin dönməzliyinin təmin edildiyi tarix, dövlətçiliyimizin xilas günü kimi səciyyələndirərdim. Ölkədə illərdir davam edən siyasi xaos, özbaşınalıq, artıq alovlanmaqda olan vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı. Ümummlili lider Heydər Əliyev böyük müdrikliklə deyirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Xalqımız bu həqiqətin fərqində olduğundan böyük siyasi və idarəetmə təcrübəsinə malik dövlət xadiminə müraciət etdi. Heydər Əliyev heç bir təcrübəsi, bacarığı olmayan, lakin, iddiaları qabiliyyətlərindən çox-çox böyük olan, bununla da dövləti uçuruma sürükləyən siyasi avantüristlərin oyunlarına son qoyaraq müstəqil dövlətin yaşamasının, inkişafının və bu günkü parlaq gələcəyinin əsaslarını formalaşdırdı. Atəşkəsə nail olmaqla torpaqlarımızın işğal olunmasının qarşısını aldı. Azərbaycanın parçalanması təhlükəsinə son qoydu. Təsadüfi deyil ki, xalqımızın tələbini nəzərə alan Milli Məclis 15 iyun tarixini dövlət bayramı olaraq Milli Qurtuluş Günü kimi rəsmiləşdirildi. Müstəqil dövlətimiz var olmağına, bütün uğurlarına, nailiyyətlərinə görə 15 iyun tarixinə borcludur və əminəm ki, bu tarixi xaqımız əbədi olaraq qeyd edəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə