Vasif Mövsümov: "Azərbaycanda korrupsiyaya ən çox yerli dövlət qurumlarında rast gəlinir"

Vasif Mövsümov: "Azərbaycanda korrupsiyaya ən çox yerli dövlət qurumlarında rast gəlinir"
"Korrupsiya elə bir məfhumdur ki, uzun illər formalaşan dünya dövlətçiliyi tarixində bir bəladır, problemdir. Bütün dünya ölkələri korrupsiyaya qarşı mübarizədə birgə fəaliyyət göstərirlər, çünki bu dövlətlərin inkişafını dayandırır, təməllərini sarsıdır". Bu sözləri SİA-ya açıqlamasında Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyib. Onun sözlərinə görə, bu problemi bir-iki il ərzində tam kökündən sarsıtmaq olmaz, lakin bunula yanaşı korrupsiyaya qarşı mübarizədə mütləq mexanizmlər mütəmadi olaraq davam etdirilməlidir: "Bu mübarizənin vaxtında aparılmaması ölkənin təhlükəsizliyi üçün problemlər yarada bilər. Ona görə də buna qarşı addımlar nə qədər çox atılsa da bu kifayət etmir. Çünki bu addımları sərtləşdirmək lazımdır".

 

Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının geniş iclasında bu problemin qəti qoyulmasının çox təqdirəlayiq olduğunu deyən Vasif Mövsümov korrupsiyaya qarşı mübarizənin məhz dövlət başçısı tərəfindən başlanılmasının gözlənilən olduğunu vurğulayıb: "Çünki xalqın etimadı dövlət başçısınadır. Aparılan sorğularda Azərbaycan xalqının ən yüksək etimadı bu günə qədər dövlət başçısına olduğu məlum olub. Buna görə də Azərbaycanda korrupsiyaya qarşı qəti mübarizə aparmaq üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Dövlət Komissiyasının geniş iclası dövlət başçısının siyasi iradəsi idi. Eyni zamanda, hazırda bizə bir neçə gün ərzində daxil olan məlumatlara görə, bu iclas cəmiyyətdə müsbət tendensiya yaradıb. Eyni zamanda, bunun müsbət çalarlarını biz görməkdəyik".

 

Lakin bütün müsbət irəliləyişlərə baxmayaraq neqativ hallar hələ də mövcuddur. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru deyir ki, Azərbaycanda korrupsiyaya ən çox yerli dövlət qurumlarında rast gəlinir: "Fond olaraq biz mütəmadi sorğular keçiririk. Hazırda vəziyyət məişətdə korrupsiya səviyyəsi vətəndaşların narazılıqlarına gətirib çıxarır. Hansı ki, vətəndaşlar bu qurumlarla tez-tez ünsiyyətdə olurlar. Burada ünvanlı sosial yardımın, əlillik dərəcəsinin, bələdiyyələr tərəfindən torpaq verilməsində, səhiyyə, təhsil, dövlət yol polisində korrupsiyanın səviyyəsi əhalini narahat edir. Bu zəmin də əhalinin dövlət orqanlarının ictimai etibarının sarsıtmasına gətirib çıxarır. Ona görə də bu iclasdan sonra məmurlar anlamalıdırlar ki, dövlət başçısı tərəfindən onların qarşısına hansı tələblər qoyulub. Dövlət başçısı tərəfindən irəli sürülən siyasi iradə təəssüflər olsun ki, bəzən aşağı səviyyələrdə icra olunmur. Qanunların icrasına laqeyidlik göstərilir. Bu da əhalinin narazılığına səbəb olur. Ona görə də bu məsələnin konkret qoyulması lazım və labüd idi. Biz istərdik ki, bu məsələ davamlı olsun".

 

V. Mövsumov hesab edir ki, korrupsioner məmurlara qarşı cəzalar kompleks şəkildə aparılmalıdır. Onun sözlərinə görə, məmurlar bilməlidirlər ki, cəza tədbirləri var: "Bilirsiniz, heç bir korrupsioner öz xoşu ilə tutduğu vəzifədən getmək istəməz. Ən əsası odur ki, qanunların icrasına nəzarət edən və həmin məmurları cəzalandıran məhkəmələr olmalıdır. Bəzən məmurlar fikirləşir ki, hardasa məhkəmələrə rüşvət verməklə cəzadan qurtara bilər. Burada da ən əsas amillərdən biri də məhkəmələrin qanuni fəaliyyət göstərməsidir. Əgər ədalətli məhkəmə olarsa, məmur cəzadan qorxar. Buna görə də korrupsiyaya qarşı mübarizə kompleks şəkildə olmalıdır", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə