İlham Əliyev: "AXC-Müsavat hakimiyyəti dövrü tariximizdə qara ləkədir..."
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə keçirilən rəsmi qəbulda AXC-Müsavat hakimiyyəti dövrünü tariximizdə qara ləkə kimi qiymətləndirib. Dövlət başçısı deyib ki, onlar üzərlərinə düşən yüksək məsuliyyəti dərk etməyib və gənc, müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salıblar, 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr və hallar ölkəmizin müstəqilliyini sual altına qoyub: "Xüsusilə, 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı. Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşdü və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yarandı".
Dövlət başçıs onu da bildirib ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməyiblər: "AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi. Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz Liderinə - Heydər Əliyevə müraciət edib, Onu hakimiyyətə dəvət etdi və nə qədər müdrik xalq olduğunu bir daha göstərdi".
Tarix dəyişmir...
Tarixə qara ləkə olan AXC-Müsavat hakimiyyətinin Əli Kərimlisi, İsa Qəmbəri, Pənah Hüseyni, Arif Hacılısı Azərbaycanın siyasi sistemində, xüsusilə də, sosial şəbəkədə zombiləşmiş qaragüruhçu dəstə 15 iyun Qurtuluş Günü ərəfəsi yenə də eyni çirkin əməllərindən əl çəkmir, xalqı mitinqlərə çağırışları edirlər. Əxlaqsızdıq, mənəviyyatsızlın və nəhayət, cinayətkarlıq budur. Görünür, AXC-Müsavatın bir illik ləkəli dövründə etdikləri cinayətləri unudublar. Ancaq Ə.Kərimli, İsa Qəmbər, Arif Hacılı, Pənah Hüseyn və bu kimi satqınların əməllərini Azərbaycan xalqı unutmayıb. Və bu 15 iyun Qurtuluş Günü ərəfəsi həyasızcasına yenidən ortaya atılaraq hər kəsi ittiham etməklə, xəyanətdə suçlamaqla özlərini ictimai rəyə demokratik düşərgənin əsas güc mərkəzi kimi sırımağa çalışmaları bir daha belələrinin nə qədər ləkəli əxlaqa malik olduğunun sübutudur.
Siyavuş Novruzov: "Tarix dəyişmir, ona görə də, Əli Kərimlinin yalanlarını faktlarla, şahidlərlə sübut etməyə hazıram"
"Ötən əsrin 90-cı illərində Azərbaycan Dövlət Universitetində (indiki BDU) Əli Kərimlinin komsomola katib seçilmək üçün dostlarını necə satdığı həmin dövrdə oxuyan tələbələrin gözü qarşısında olub. Hamı bilir ki, Ə.Kərimli o zaman nə oyunlardan çıxıb və o dövrdəki rektorun, yumşaq dildə desək, "xəbərçi"si olub". Bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Ə.Kərimlinin, guya 90 nəfəri yığıb orduya getməsi barədə dediyi tamamilə yalandır: "Tamamilə yalan deyir. Ə.Kərimli heç Kür çayından o tərəfə keçməyib. Heç təsadüfi deyil ki, həmin vaxt daxili işlər naziri işləyən İsgəndər Həmidov həmişə onu fərari adlandırırdı. Çünki Ə.Kərimli sovet vaxtında hərbi xidməti həbsxana üzərində duran daxili qoşunların tərkibində keçib. Yəni bu adam, ümumiyyətlə, hərbi hissədə olmayıb, ümumiyyətlə, Dağlıq Qarabağın ərazisində və yaxud ona bitişik olan rayonlarda və kəndlərdə heç vaxt olmayıb, həmişə qaçıb gizlənib və vətən naminə əlinə silah almayıb".
Millət vəkili qeyd edib ki, 2000-ci ildə parlament seçkilərində Əbülfəz Elçibəy belə bir məsələ qaldırmışdı ki, AXCP ilə Müsavat bir yerdə namizədlərini irəli sürsünlər: "Bunu AXCP-də, Müsavatda olanlar da bilir. Siyahı belə tərtib olunmalı idi: birinci Elçibəyin özü, sonra İsa Qəmbər, Mirmahmud Fəttayev, ondan sonra bir nəfər Müsavatdan, bir nəfər AXCP-dən namizəd olurdu. Lakin Elçibəyin ağır xəstəliyindən əvvəlcədən məlumatlı olan Ə.Kərimli onun Bakıda olmamasından istifadə edərək, hakimiyyətlə separat danışıqlara getdi və beləliklə, Müsavatla olan koalisiyanı pozdu. Həmin dövrdə, məhz Ə.Kərimlinin əməlləri nəticəsində, AXCP "yurdçular"a və "klassiklər"ə bölündü. Məhz onun iqtidarla öz müttəfiqlərindən xəbərsiz apardığı danışıqlar nəticəsində, partiyası Milli Məclisdə 4 proporsional və bir majoritar yer əldə etdi. Hətta o, partiyasının proporsional seçkidə iştirak etməsini təmin edən 50 min seçici imzasının toplanmasında da hakimiyyət tərəfindən geniş və hərtərəfli dəstək gördü".
S.Novruzov deyib ki, həmin dövrdə Ə.Kərimli dəfələrlə Azərbaycan Respublikasının yüksək vəzifəli rəsmi şəxsləri ilə xaricdə görüşmək arzusunda olduğunu bizlərə bəyan edib: "Görüş yeri kimi Strasburq və ya London seçilmişdi. Mən şəxsən bu danışıqların iştirakçısıyam və danışıqların aparıldığı yer Tofiq Bəhramov adına stadionun yanındakı "Xankəndi" restoranı idi. Ə.Kərimlinin bu əməllərinin şahidləri də var. Bu gün o insanların bir hissəsi Milli Məclisdə təmsil olunur. Cəmil Həsənli, o dövrdə AXCP-nin funksionerləri və hazırda deputat olanlardan da, bilavasitə bu danışıqlarda iştirak edənlər var. Ə.Kərimli şəxsi mənafeyi naminə ömrü boyu öz dostlarını və yoldaşlarını satmaqla məşğul olub.
Ə.Kərimlinin əsl mahiyyətini üzə çıxaran daha bir haşiyə çıxmaq istəyirəm. AXC 1992-ci ildə hakimiyyətə gələndə, keçmiş Kommunist Partiyasının Mərkəzi Komitəsinin illərlə növbə gözləyən əməkdaşları üçün tikdirdiyi binanı qanunsuz zəbt edərək, öz fəallarına paylamışdı. Belə məsələlərdə hər zaman çevik olan Ə.Kərimli də oradan mənzil ələ keçirmişdi. 1993-cü ildə hakimiyyət dəyişikliyindən sonra həmin mənzillər qanuni sahiblərinə qaytarıldı. 2000-ci ildə isə Ə.Kərimli Milli Məclisdə iştirakı üçün həmin mənzilin qaytarılmasını hakimiyyətlə gizli danışıqlarda əsas şərt olaraq irəli sürdü. Onun bu gülünc tələbi bizim hamımızda böyük təəccüb və təəssüf doğurdu. Çünki heç bir vicdanlı siyasətçi öz sadəlövh elektoratını görünüşdə bər-bəzəkli şüarlarla və yalançı ideyalarla bu şəkildə aldadıb gizlində mənzil davası etməzdi. O isə etdi və mənzili geri alaraq gedib Milli Məclisdə oturdu".
S.Novruzov deyib ki, Ə.Kərimlinin bu əməlləri indi də davam edir: "Kimsə onun fikrinin əleyhinə çıxırsa, söz və fikir azadlığı irəli sürürsə, dərhal həmin şəxs partiya sıralarından xaric olunur. Digər partiya sədrlərinə qarşı da çox kəskin nifrət bəsləyir və altdan-altdan mübarizə aparır, onlar haqqında xoşagəlməz yazılar yazdırır. Yəni bütün hallarda, Ə.Kərimli öz silahdaşlarını satıb. Hətta 2003-cü ildə prezident seçkilərində Etibar Məmmədova şəxsən yazılı şəkildə müraciət etmişdi ki, onu dəstəkləyəcək və öz namizədliyini irəli sürməyəcək. Necə deyərlər, bir siyasi partiya rəhbərinə yaraşmayacaq şəkildə, xalq dilində desək, "dilindən yazılı iltizam verib". Bu gün vaxtilə Ümummilli Lider Heydər Əliyev Milli Məclisə gələrkən, ayağa qalxmamağı ilə "fəxr edən" bu şəxs dövlət başçısı və özündən yaşca qat-qat böyük olan bir insanın qarşısındakı elementar tərbiyəsizliyini özü üçün "piar"a çevirəcək qədər mənəviyyatsızdır. Yəni həyatda heç vaxt ali prinsipləri rəhbər tutmayan və siyasi fəaliyyətdə müqəddəs dəyər tanımayan Ə.Kərimlinin, ümumiyyətlə, şəxsi mövqeyi olmayıb, xarici təşkilatların buna dediklərini təkrar edib və ya öz yaxın ətrafını satmaqla məşğul olub. Xalq Cəbhəsi iki yerə bölünən dövrdə öz təşkilatını qeydiyyatdan keçirmək üçün iqtidarla bütün danışıqlara gedib. Mən bunun şahidiyəm, lazım olsa faktlarla və şahidlərlə sübuta yetirməyə hazıram".
Aydın Mirzəzadə: "Nə Əli Kərimlinin, nə İsa Qəmbərin cəmiyyət adından danışmağa mənəvi haqqı yoxdur"
Millət vəkili Aydün Mirzəzadə bildirib ki, "hakimiyyətə gəlmək" xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş bu qruplar hər fürsətdən istifadə edərək, yenə də 15 iyun Qurtuluş Günü ərəfəsi özlərini gündəmə gətirməyə çalışırlar: "Bunun üçün Azərbaycan dövlətini və xalqını hədəf götürməkdən belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən, birmənalı şəkildə, inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar. İstər Ə.Kərimlinin, istər İ.Qəmbərin 15 iyun Qurtuluş Günü ərəfəsi indiki hakimiyyətin ölkəni böhrana sürüklədiyini və bugünkü müstəqilliyin səbəbkarı olduqlarını, mövcud vəziyyəti yalnız xalqın dəyişə biləcəyini deməklə, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışdığı göz önündədir. Bu günə kimi bir dənə də olsun səmərəli fikir və ideya müəllifi kimi diqqəti cəlb etməyən əxlaqsız Ə.Kərimli, alayarımçıq laborant İ.Qəmbər bütün uğursuzluqlarının səbəbini özlərində axtarmaq, nəticə çıxarmaq əvəzinə, başqalarını ittiham hədəfinə çevirir və bununla da, cəmiyyəti çaşdıra biləcəyini düşünürlər. Hər kəsə yaxşı məlumdur ki, Ə.Kərimli və İ.Qəmbər ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçıları olublar. Keçən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə olan zaman ölkənin parçalanmaq, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığını, insanların yeməyə adi çörək belə tapa bilmədiyini nə tez unutdular? Hakimiyyətdə olan zaman ölkənin inkişafı, problemlərinin həlli üçün heç bir iş görməyən, əksinə, uçuruma aparan bir insanın indi hakimiyyəti tənqid etmələri nə qədər məntiqə uyğundur? Vəzifədə olarkən Azərbaycanın strateji maraqlarını tapdaq altına atan, siyasi korafəhimliyin bariz nümunəsi olan, səbəbini araşdırmadan insanların barəsində ölüm qərarını təsdiq edərək, qəddarlığı ilə ad qazanan İ.Qəmbər və Ə.Kərimli kimilər, bu gün hansı üzlə cəmiyyət qarşısına çıxırlar? Bu gün isə fəaliyyəti başdan-ayağa qüsurdan ibarət olan bir kəsin hakimiyyəti özünün törətdiyi əməllərdə ittiham etməsi, çox anormal bir şeydir. Digər tərəfdən, cəmiyyət bu gün İ.Qəmbərlərin, Ə.Kərimlilərin, A.Hacılıların göstərdiyi yolla getmək istəmir və onları müdafiə etmir. Azərbaycan vətəndaşına bu gün təhlükəsizliyinin təmin edilməsi, dövlətçiliyin möhkəmlənməsi, siyasi stabillik, iqtisadi inkişaf və problemlərinin həlli lazımdır".
Bəli, bu gün vətəndaş ailəsinin təhlükəsiz şəraitdə yaşadığının, onun üçün yeni iş yerlərinin yaradıldığını, övladının təhsil ala biləcəyinin, özünün səhhətinin qorunmasının fərqinə varır. Bütün bunların fonunda kərimlilərin və qəmbərlərin çağırışı sabun köpüyündən başqa bir şey deyil. 15 iyun Əli Kərimlilərin, İ.Qəmbərlilərin, A.Hacılıların siyasi ölümlərini reallaşdırdı və Azərbaycan xalqı AXC-Müsavat hakimiyyətini birmənalı şəkildə rədd etdi.
Eldar İbrahimov: "AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi"
"Müstəqilliyimizin ilk illərinə təsadüf edən 1992-1993-cü illər ölkəmizin müasir tarixinə hərc-mərclik, özbaşınalıq, anarxiya dövrü kimi daxil olub. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış suveren dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi. 4 iyun 1993-cü il hadisələri də, bütün bu amillərin nəticəsi olaraq, özünü göstərdi". "Modern.az" xəbər verir ki, bu fikirləri hakim partiyanın qurucularından olan, Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, xüsusilə, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkədə iqtisadi və siyasi böhran baş alıb gedirdi. Onun sözlərinə görə, həmin dövrdə Azərbaycan əraziləri işğal olunurdu və əhalinin sosial durumu isə günbəgün ağırlaşırdı.
"Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar, əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bunu həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslər özləri də açıq etiraf edirdilər. Təbii ki, səriştəsiz hakimiyyətin bir il ərzində apardığı siyasət "məntiqi sonluğa" çatdı. AXC-Müsavat hakimiyyətinin "qəhrəman" elan etdiyi Surət Hüseynovla aralarında olan ziddiyyət ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu hadisə onların hakimiyyətinin sonunu gətirməklə yanaşı, ölkəmizi böyük təhlükələrlə üz-üzə qoydu. Həmin hakimiyyət öz xalqına çətinliklər, fəlakət, qarşıdurmalar və müstəqilliyimizin itirilməsi təhlükəsindən başqa heç nə vermədi. Ona görə də, o zaman hakimiyyətdə olmuş, 4 iyun hadisələrini törətmiş adamların indi dövlətin və xalqın taleyindən danışmağa mənəvi haqqları yoxdur".
Milli Qurtuluş yolu Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur
Dahi Öndər Heydər Əliyev tərərfindən azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində ardıcıl addımlar atılmışdır. Dünyanın müxtəlif qitələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə əlaqələrini gücləndirmək, onların dil, əqidə və əməl birliyini möhkəmləndirmək məqsədilə, Bakıda dünya azərbaycanlılarının qurultayları keçirilmişdir. Şübhəsiz ki, bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Artıq neçə illərdir ki, Azərbaycan Respublikasının Milli Qurtuluş yolu davam edir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Bu yolla gedən Azərbaycan durmadan yüksəlir, inkişaf edir və uğurlar qazanır. Heydər Əliyevin özü vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz".
Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mənası və verdiyi ibrət dərsləridir. Bu, onu göstərir ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, Onun ideya və əməlləri yaşayacaq, bizi daim doğru yolla irəliyə aparacaqdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB