Azərbaycan Dillər Universitetinin tələbələri qış imtahan sessiyasında hansı nəticələri göstərdilər?

Azərbaycan Dillər Universitetinin tələbələri qış imtahan sessiyasında hansı nəticələri göstərdilər?
Azərbaycan Dillər Universitetində (ADU) 2010-2011-ci tədris ilinin qış imtahan sessiyası başa çatıb. Yanvarın 5-də başlayan imtahanlar yanvarın 31-dək davam edib. Bu barədə SİA-ya açıqlamasında ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib. O bildirib ki, fakültə dekanları və kafedra müdirlərinə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etmək, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanlarda plagiat və proteksiya hallarının qarşısını almaq üçün ciddi tədbirlər görmələri, habelə imtahanların nəticələrinin protokollaşdırılmasını və qiymət cədvəllərinin tərtib olunmasını normativ qaydalara uyğun həyata keçirmələri tapşırılıb.

İmtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə operativ qərargah və qaynar xəttin yaradıldığını deyən Z.Kazımova vurğulayıb ki, universitetin tədris şöbəsinin müdiri Lyudmila Muradovanın sədrlik etdiyi operativ qərargahın üzvləri xüsusi şöbənin rəisi Elçin Tağıyev, Tələbə Həmkarlar Təşkilatının sədri Hafiz Rəhimov, Tələbə Gənclər Təşkilatının sədri Şahin İsmayılov və ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova idilər.

"Cari ilin yanvarın 5-dən başlayan imtahan sessiyası 8 fakültədə -1 saylı İngilis dili, 2 saylı İngilis dili, Tərcümə, Fransız dili, Alman dili, Filologiya, Regionşünaslıq və Beynəlxalq münasibətlər, Əlavə təhsil aparılıb. Qış imtahan sessiyasında 3852 tələbə iştirak edib. Alman dili fakültəsində 202, Fransız dili fakültəsində 208, 1 saylı İngilis dili fakültəsində 835, 2 saylı İngilis dili fakültəsinin əyani gündüz şöbəsində 734, axşam şöbəsində 133, Filologiya fakültəsində 600, Tərcümə fakültəsinin əyani gündüz şöbəsində 481, axşam şöbəsində 30, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində isə 625, yeni yaranan Əlavə təhsil fakültəsində isə 4 tələbə öz biliklərini nümayiş etdirib. İmtahan verən tələbələrdən 620 nəfəri əla, 1016 nəfəri yaxşı və əla, 1549 nəfəri isə qarışıq qiymətlər alıblar. Əla qiyməti üstünlük təşkil edən fakültələr 1 saylı İngilis dili fakültəsi və Tərcümə fakültəsidir. İmtahanlardan kəsilən tələbələrin sayına gəlincə, onlar ADU-da 568 nəfər təşkil edib. Bunlardan 423-ü bir fəndən, 111-i iki fəndən, 34-ü isə üç və daha çox fəndən kəsilib. Qış imtahan sessiyasında apellyasiya üçün müraciət edən tələbələr də olub. 1013 nəfər imtahan zamanı biliyinin düzgün qiymətləndirilməməsini iddia edərək apellyasiya üçün müraciət edib. Apellyasiya şikayətlərinə baxılıb və müvafiq qaydada şikayətlər təmin edilib. İmtahanlar zamanı tələbələrin ən çox kəsildiyi fənlər də məlum olub. Bunların arasında 1 saylı İngilis dili fakültəsində tədris olunan Üslubiyyat fənni (42 tələbə), Leksikologiya fənni (39 tələbə), həmçinin Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində tədris olunan Azərbaycan tarixi fənni (21 tələbə) üstünlük təşkil edib", - deyə o əlavə edib.
Z.Kazımova qeyd edib ki, imtahan sessiyası günlərində universitet rəhbərliyi imtahanın gedişi ilə tanış olub, normativ sənədlərə baxış keçiriblər. Onun sözlərinə görə, bundan əlavə, Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi İradə Quliyeva, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi ADU-da qış imtahan sessiyasının gedişi ilə bağlı monitorinq aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə