Və ya AXC-Müsavat cütlüyünün xainlik tarixi – birillik iqtidarın məşum xatirələri
AXCP sədri Əli Kərimlinin hər il bu ərəfələrdə - Azərbaycan xalqının qürur və fərəhlə qeyd etdiyi 15 iyun – Milli Qurtuluş Gününü qeyd etdiyi vaxtlarda özünü çox sevdiyi klaviatura üzərinə yıxıb, “sübutetmə” cəhdlərinə baş vurması heç vaxt arzuladığı nəticəsini verməyib. Verməyib ona görə ki, iddiaları yalandır və söylədiyi hər yalanın içində özünüifşalar mövcuddur. Əslində, manipulyasiyalar və siyasi oyunbazlıq üzərində irəli sürülən iddialarda guya 1992-93-cü illərdəki nöqsanlar barədə də etiraflar etdiyini zorla ictimai rəyə sırımağa çalışan Kərimli əslində, həmin nöqsanlar arxasında törədilən ağır cinayətləri ört-basdır etməyə cəhd göstərir.
Ə.Kərimli avantürist statusları ilə "aydan arı, sudan duru" olduğunu göstərməyə çalışır, bu vasitə ilə AXC hakimiyyətinin nöqsanlarını həm öz, həm də AXCP-nin üzərindən kənara atmaqla, bir tərəfdən partiyasını 1992-93-cü illərdəki uğursuzluqlara ortaq olmaqdan xilas etməyə cəhd göstərirsə, digər tərəfdən isə keçmiş silahdaşlarına xəyanət etmiş olur. Misal üçün, İsa Qəmbərə, Pənah Hüseynə və sairlərinə…
Digər tərəfdən, Qarabağ məsələsindən tutmuş daxili və xarici siyasətin, ölkə və cəmiyyət həyatının bütün sahələrində AXC hakimiyyətinin guya 1 il ərzində ciddi nailiyyətlər əldə etdiyini iddia edən Ə.Kərimli hətta “liderim” dediyi, əslində isə, nifrət etdiyi Əbülfəz Elçibəyə belə qara yaxmaqdan çəkinmir. Demə, Ə.Kərimliyə görə, əgər o olmasa idi, heç AXC-Müsavat hakimiyyətdə olmaya da bilərdi və s...
Ümumiyyətlə, AXCP sədrinin statusları ilə tanış olan və 1992-93-cü illərdən bixəbər olan insana elə gələ bilər ki, həmin dövr ölkəmizdə ən uğurlu və xoşbəxt illər olub. Ölkədə bütün sahələrdə inkişaf, güclü iqtisadiyyat, yüksək rifah və s. təmin olunubmuş. Bu zaman sual yaranır ki, niyə AXC hakimiyyəti cəmi 1 il iqtidarda qala bildi? Niyə Qarabağ ermənilərdən təmizlənmədi, siyasi-iqtisadi islahatlar aparılmadı və s? Niyə prezident ölkəni belə bir vəziyyətdə qoyub, postundan qaçdı?!
Ordu məhv olur, Qarabağ əldən verilməkdə, düşmən isə üzü Bakıya doğru planlar qurmaqda idi
AXCP sədri məlum statuslarında ordu quruculuğundan, cəbhədəki nailiyyətlərdən bəhs edir. Lakin məlumdur ki, həmin dövrdə nə ordudan, nə də hərbi uğurlardan danışmaq mümkün idi. Ölkədə ordu əvəzinə, çoxsaylı silahlı qruplaşmalar mövcud idi. Hər nüfuzlu şəxs bir batalyon saxlayırdı. Cəbhədəki uğursuzluqlar da öz yerində. Həmin dövrdə orduda vahid komandanlıqdan, silahlı qruplar arasında rabitədən isə söhbət belə gedə bilməzdi. Bunun da nəticəsi olaraq erməni birləşmələrinin torpaqlarımızın işğalının qarşısını almaq mümkün olmurdu. Dağlıq Qarabağla yanaşı, Kəlbəcər kimi strateji əhəmiyyətli rayon AXC hakimiyyətinin günahı ucbatından əldən verildi. Cəbhədə, orduda olan belə bir acınacaqlı şəraiti aradan qaldırmaq, ölkəni düşdüyü acınacaqlı situasiyadan çıxarmaq əvəzinə, paytaxtda hakimiyyətdaxili mübarizə günü-gündən qızışırdı. Bu mübarizəyə cəbhədə dislokasiya olunmuş silahlı birləşmələrin cəlb edilməsi isə işğalçı ordunun əl-qolunu açırdı. Nəticədə isə AXC hakimiyyətinin hərbi sahədəki "nailiyyətlər"i ona gətirib çıxardı ki, ermənilər ölkənin ümumilikdə 20% ərazisini işğal etdilər.
Hələ hakimiyyətə gəlmə ərəfəsində də AXC-nin "fəaliyyəti" Dağlıq Qarabağ münaqişəsində ağır nəticələrlə yadda qalmışdı. Belə ki, Mütəllibov hakimiyyətini devirmək uğrunda AXC-nin mübarizəsi Xocalı şəhərini müdafiəsiz qoydu və məlum faciə baş verdi. Hətta bununla bağlı stenoqrmmalar bu gün də arxivlərdə qalmaqdadır. Əbəs deyil ki, “Hakimiyyətə gələ bilməyimiz üçün qurbanlar verməliyik” ifadəsi o zamanın uğursuz brendinə çevrilmilşdi. Ordu məhv olur, Qarabağ əldən verilməkdə, düşmən isə üzü Bakıya doğru planlar qurmaqda idi...
İqtisadi tənəzzülə, aclıq və səfalətə doğru...
AXC hakimiyyəti illərində ölkə iqtisadi sahədə də acınacaqlı vəziyyətlə üz-üzə qalmışdı. Hakimiyyət nümayəndələrinin məsuliyyətsiz bəyanatları ölkənin ənənəvi iqtisadi tərəfdaşları ilə münasibətlərinin korlanmasına səbəb olmuşdu. Məlumdur ki, Azərbaycanın 70 il ərzində əsas iqtisadi tərəfdaşları SSRİ respublikaları və ən başda da Rusiya olub. Lakin AXC hakimiyyətə gəldiyi ilk gündən Rusiyaya qarşı qeyri-dost münasibəti nümayiş etdirdi. Bundan başqa, Orta Asiyanın bəzi respublikaları ilə də münasibətlər korlandı. Bu isə Azərbaycan üçün acı nəticələrə səbəb oldu. Həmin dövrdə SSRİ-dən yenicə ayrılmış respublikalar iqtisadiyyatlarını xilas etmək üçün MDB-ni yaradarkən, Azərbaycan bundan imtina etdi. Halbuki, tarix göstərdi ki, bu, ən ciddi səhvlərdən biri idi. Çünki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan iqtisadiyyatı MDB ölkələrinin iqtisadiyyatı ilə uzun müddət qarşılıqlı asılılıq vəziyyətində olub. Bunun nəzərə alınmaması AXC hakimiyyətinin ən böyük nöqsanlarından biri idi ki, bu da 1 il ərzində ölkə iqtisadiyyatının çökməsinə səbəb olmuşdu.
Bundan əlavə, İranla da siyasi sahədə münasibətlərin korlanması ölkə iqtisadiyyatına zərbə vurdu. Ölkədə baş alıb gedən hərc-mərclik şəraitində iqtisadi islahatlar aparılmasından isə söhbət belə gedə bilməzdi. Əksinə, hakimiyyətdə olan qüvvənin apardığı siyasət nəticəsində ölkə iqtisadiyyatı çökdürülür, büdcə talanırdı. Ölkədə bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da korrupsiya və rüşvətxorluq baş alıb gedirdi. Milyonlarla manat vəsaitin toplandığı ləl-cəvahirat fondunun vəsaitləri belə mənimsənilmişdi. İş o yerə çatmışdı ki, Elçibəy öz məmurlarına üzünü tutub "rüşvəti alanda elə edin ki, kommunistlərin atasına rəhmət oxutdurmayın" demişdi.
Ə.Kərimli isə AXC hakimiyyətini tərifləyərkən unudur ki, 1992-93-cü illərdə ölkənin neft strategiyası ilə bağlı heç bir ciddi işlər görülməyib. İddiaları isə cəfəngiyatdan başqa bir şey deyil. Çünki siyasi hərc-mərcliyin hökm sürdüyü, müharibənin davam etdiyi bir ölkəyə ciddi xarici şirkətlərin gəlməsi, uzunmüddətli kontraktlar bağlamağa meyil etməsi inandırıcı deyil. Əksinə, hətta qardaş Türkiyənin kiçik şirkətləri belə Azərbaycanı tələm-tələsik tərk edir, AXC-Müsavat hakimiyyətinin girovuna çevrilməkdən yaxa qurtarmağa çalışırdılar!
Mətbuata və jurnalistlərə hücumlar, döyülmələr, qətllər, reketçiliklər....
Ölkənin daxili siyasi sistemində də vəziyyət acınacaqlı idi. AXC demokratik şüarlarla hakimiyyətə gəlsə də, tezliklə avtoritar xarakterini ortaya qoydu. Müxalif sözə, tənqidə dözümsüzlük nümayiş etdirdi. Ölkədə plüralizm boğulmağa başladı. Mətbuata və jurnalistlərə hücumlar, döyülmələr, qətllər, reketçiliklər baş alıb-gedirdi. Daha dəqiq desək, həmin dövrdə jurnalistlərin yüksək vəzifəli məmurlar tərəfindən döydürülməsi, onların həbs edilməsi, müxalifət nümayəndələrinin işinə maneçilik törədilməsi, onların təhqirə məruz qalmaları, qərargahlarının dağıdılması adi hala çevrilmişdi. Söz azadlığının boğulması müstəqil qəzetlərə edilən təzyiqlərdə özünü göstərirdi. Məsələn, "SƏS" qəzetinin redaksiyasına edilən basqın bunun bariz nümunəsidir. Həmçinin jurnalist Zərdüşt Əlizadənin döyülməsi, millət vəkillərinə, ayrı-ayrı ziyalılara qarşı zorakılıqlar adi hala çevrilmişdi.
Demokratik dəyərlərə zidd fəaliyyət, yersiz bəhanələrdən doğan seçki saxtakarlığı
AXC hakimiyyətinin antidemokratik addımlarından biri də məhz prezident seçkiləri öncəsi özünü göstərmişdi. Belə ki, seçkilərdə Heydər Əliyevin iştirak edəcəyindən və onun səs çoxluğu ilə qalib gələ biləcəyindən qorxan AXC hakimiyyəti namizədlərə qarşı haqsız olaraq yaş senzi tətbiq etdi. Bu isə bir daha AXC-nin demokratik dəyərlərə zidd fəaliyyətinin, o cümlədən, saxtakarlıqlarının bariz göstəricisi idi.
Bundan başqa, 1992-ci ildə keçirilmiş prezident seçkiləri ilə bağlı da cəmiyyətdə müəyyən fikirlər formalaşıb. Məsələn, həmin dövrdə prezidentliyə namizəd olmuş mərhum Nizami Süleymanov seçkilərin antidemokratik keçirildiyini bəyan edib: "1992-ci il prezident seçkilərində mənə cəmi iki dəfə televiziyada çıxış etmək imkanı yaradıldı: bir dəfə tək, bir dəfə də teledebatda. O zaman heç bir mitinqə-filana da icazə verilmirdi, odur ki, seçki və nəticələrindən mən çox narazı qaldım. Müxalifət bunu süngü ilə qarşılayır, amma mən onda səslərin böyük əksəriyyətini toplamışdım. Hesab edirəm ki, o seçkinin demokratiyaya aidiyyəti yox idi".
Yeri gəlmişkən, prezidentliyə namizədin bu fikirlərini cəmiyyətdə bölüşənlər də az deyil. Bütün bunlar bir daha onu göstərir ki, 1 illik hakimiyyəti dövründə AXC heç bir ciddi nailiyyəti ilə yadda qalmayıb. Əksinə ölkədə bütün sferalarda geriləmə, tənəzzül prosesləri güclənib.
Beləliklə, Əli Kərimli yekə-yekə iddiaları ilə xalqın başını aldatmaqdansa, yaxşı olardı ki, bu reallıqları etiraf etsin və “cüzi nöqsanları” ortaya atmaqla manipulyasiyalara yol verməsin. Zatən onun kim və nə olduğunu hər kəs çox gözəl bilir. O ki, qala AXC-Müsavat iqtidarı zamanı hakimiyyətdə olub, sonradan bu tüpürərək, ziyanın yarısından geri dönənlər ola...
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB