Ermənistanın təxribatları cavabsız qalmayacaq ANALITIK

Ermənistanın təxribatları cavabsız qalmayacaq ANALITIK

Yaxud, beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və işğalçı siyasətinin sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır

Məlum olduğu kimi, Dağlıq Qarabağdakı Ermənistan silahlı birləşmələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi Elşən Xəlilov şəhid olub. Son vaxtlar işğalçı rejimin bu kimi hadisələri tez-tez törətmələri isə bir reallığı təsdiq edir ki, Ermənistan atşkəs rejiminin qorunub saxlanmasını, sülh danışırlarının konstruktiv məcrada davam etdirilməsini istəmir. Xüsusilə, bir müddət əvvəl ATƏT MQ həmsədrlərinin regiona səfəri ərəfəsində mayor Aqil Ömərovun qətlə yetirilməsi, hazırda isə XİN rəhbərlərinin görüşü ərəfəsində də daha bir təxribat törədilməsi bu cür qənaətə gəlməyə kifayət qədər zəmin yaratmış olur.

Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib

Siyasi həyasızlıq və aşkar qeyri-humanistlik kimi qiymətləndirilməli olan bu hadisələrə sübut kimi daha bir amili göstərmək mümkündür. Belə ki, işğalçı Ermənistanın müdafiə naziri David Tonoyan təsdiq edib ki, Azərbaycan hərbçisinin qətlə yetirilməsi ilə bağlı şəxsən (!-R.R.) göstəriş verib və bu əməliyyatı icra edən erməni hərbçilərini yüksək mükafata təqdim edib. Bu reallıq həm də sübut edir ki, Ermənistanın siyasi hakimiyyəti yalnız işğalçılıqla deyil, həm də rəsmi cinayətkarlıqla məşğuldur. Əgər belə olmasa idi, bir dövlətin müdafiə naziri digər dövlətin hərbi qulluqçusunun öldürülməsi əmrini verməzdi. Halbuki, cəbhə xəttində atəşkəs rejimi mövcuddur və baş verən hər iki hadisə rəsmi şəxslərin monitorinqləri, eləcə də görüşləri ərəfəsində baş verib.

Əslində, Ermənistanın siyasi hakimiyyətində kimlərin olmasından asılı olmayaraq, bu dövlətin rəhbərliyi Azərbaycana qarşı aşkar düşmənçilik mövqeyini ortaya qoyub, bu gün də həmin mənfur siyasət davam etdirilir. Yalnız hərbçilərimizin snayper atəşləri ilə şəhid edilməsi deyil, mülki əhalimizin, o cümlədən, qadınların, qocaların, uşaqların da qətlə yetirilmələri cinayətkar rejimin gerçək mahiyyətini ortaya qoymaqdadır.

Nikol Paşinyanın hər vəchlə baş verənlərdən yayınması cəhdləri işğalçıların daxillərində formalaşmış mənfur hissləri daha qabarıq formada nümayiş etdirir

Maraqlısı isə budur ki, Ermənistanın hazırkı rəhbərliyi, baş nazir Nikol Paşinyanın hər vəchlə baş verənlərdən yayınması cəhdləri işğalçıların daxillərində formalaşmış mənfur hissləri daha qabarıq formada nümayiş etdirir. Misal üçün, Paşinyanın Sankt-Peterburqda forum zamanı işğalçı ölkənin rəhbərliyinin cəbhə xəttində təxribatlara hər hansı aidiyyətinin olması barədə sualı təkzib etməsi, sonra isə bu ölkənin müdafiə nazirinin belə açıqlaması göstərir ki, ya baş nazir ölkəni idarə edə bilmir, ya da bütün bunlar yalandır və sülh danışıqlarının imitasiyasıdır.

Lakin bu cəhdlərə baxmayaraq, istənilən halda işğalçı və cinayətkar rejimlə idarə olunan Ermənistan öz yalanları ilə artıq nə həmsədrləri, nə də ki, beynəlxalq ictimaiyyəti aldada bilmir.

Beynəlxalq konvensiyalar və qətnamələr hansı reallığı əks etdirməkdədir?

Təəssüf ki, nə əvvəllər, nə də hazırkı məqamlarda beynəlxalq aləmdə bu hadisələrə müvafiq reaksiyalar verilmir, sərt bəyanatlar səsləndirilmir və Ermənistanın addımlarına qarşı etiraz səsləri ucaldılmır. Əgər belə davam edərsə, haqqın və ədalətin yanında olan Azərbaycan dövləti öz ərazi bütövlüyünü, suverenliyini, sülh danışıqları ilə deyil, müharibə yolu ilə azad etməklə təmin etməli olacaq. Çünki beynəlxalq konvensiyalar, o cümlədən qətnamələr də müvafiq reallığı əks etdirməkdədir. Bütün bunların qarşısının alınması üçün isə, beynəlxalq ictimaiyyət Ermənistanın təxribatlarına sərt reaksiya verməli və bu ölkənin işğalçı siyasətinin, sülh danışıqlarını sabotaj etməsinin qarşısını almalıdır. Əks halda, daxilində siyasi–iqtisadi böhranlar, hakimiyyətdaxili çarpışmalar yaşayan Ermənistan gözləmədiyi yerdən çox ağır zərbə dadmalı olacaq!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə