Paşinyan “Adekvat” hərəkatına qarşı sərt tədbirlər gördürür ANALİTİK
Hərəkat təmsilçiləri: “Baş nazir “qara geyimli şəxslərə” hədə yağdırıb ki, bu da “Adekvad”ın bir müddət əvvəl qara futbolkalardakı yürüşü ilə bağlı verilən siqnaldır”
“Hücum edən şəxs Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra amnistiyaya düşən residivistdir və aylardır ki, bənzər hadisələr törədib”. SİA xəbər verir ki, bu barədə “Novosti-Armeniya” saytı “Adekvad” ictimai təşkilatının yaradılması üzrə təşəbbüs qrupunun koordinatoru Lilit Tumanyana istinadən yazır. Belə ki, Tumanyanın keçirilən mətbuat konfransındakı sözlərinə görə, “Adekvad” təşkilatının üzvü Azat Adamyana qarşı baş vermiş hücumu inkar edən Ermənistan polisi bu vasitə ilə sübut edir ki, ölkə hakimiyyəti fərqli düşünən insanlara təzyiq göstərir.
Lilit Tumanyan: “Residivist, Adamyanın evinə gedərək, onu və ailəsini küçəyə çıxararaq, odlu silahla təhdid edib və söyüb”
Qeyd edək ki, bir sıra KİV-lər Qarnidə müxalifətyönlü “Adekvad”ictimai təşkilatnın üzvü Azat Adamyana qarşı hücum olsa da, erməni polisi hücum faktını inkar edib və dərhal məlumat yayıb ki, dərhal Adamyanla əlaqə saxlanılıb və o da öz növbəsində şəxsinə qarşı heç bir hücumun olmadığını deyib. Lakin qurumun təmsilçiləri fərqli fikirdədirlər.
“Polisin bəyanatı həqiqəti əks etdirmir. Səhər saat 6-da nömrəsiz maşında olan bir vətəndaş idarə etdiyi avtomobili məqsədli şəkildə Adamyanın həyətdə saxladığı maşınına çırpıb və ona maddi ziyan vurub. Bundan sonra o, Adamyanın evinə gedərək, ictimai sakitliyi pozub, onu və ailəsini küçəyə çıxararaq təhdid edib. Bununla yanaşı, həmin şəxs Adamyanı söyərək, əlindəki odlu silahla onu hədələyib. İnsident yerli sakinlərin müdaxilə etməsi ilə aradan qaldırılıb. Hazırkı zamanda yalnız material cəhətdən ziyan vurulub”, Tumanyan bəyan edib.
Onun sözlərinə görə, hücum edən şəxs residivistdir və Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra azadlığa buraxılıb. O cümlədən, bir neçə dəfə müvafiq hərəkətlərə yol verib.
“Baş verənlər hakimiyyətin təxribatıdır”
Bundan əlavə, Tumanyan əlavə edib ki, hücum edən keçmiş məhbus iddia edib ki, Adamyan Ermənistanın ikinci prezidenti Robert Koçaryan tərəfindən pulla alınıb.
“Bütün bu faktlar belə nəticəyə gəlməyə zəmin yaradır ki, baş verənlər hakimiyyətin təxribatıdır. Mövcud ictimai hərəkatı boğmaq üçün müxtəlif vasitələrdən istifadə edilir və manipulyasiyalarla ona qarşı neqativ don geyindirilir. Hazırkı hakimiyyət faktiki olaraq, müxalifətin varlığını istəmir və kimlər ki, hakimiyyətin fikirləri ilə bölüşmürsə, onlara qarşı böhtanlar atılır, Adamyan kimi şəxslər satqın, ya da pula satılmışlar adlandırılırlar”, deyə Lilit Tumanyan jurnalistlərə bildirib.
Artur Danilelyan: “Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır, onlara qorxu atmosferi yaşadılır”
Bu arada, “Adekvad” ictimai təşkilatının təsisçisi, bloqer Artur Danielyan bəyan edib ki, Adamyanın evinə edilmiş hücum, o cümlədən polis tərəfindən “Adekvad”ın 11 fəalının saxlanılması sübut edir ki, hərəkatın yolunun kəsilməsinə qarşı fəaliyyətə başlanılıb.
Danielyan əlavə edib ki, mövcud təxribatlar barədə onlara çoxdan xəbərdarlıqlar edilib: “Hərəkatımıza qarşı növbəti hücum da bunu təsdiq edir. Bizim aktivistlər heç bir əsas olmadan polisə aparılır, saxlanılır, onlara qorxu atmosferi yaşadılır. Bütün bunlar aşkar manipulyasiyalardır”.
“Adekvad”ın təsisçisi qeyd edib ki, o qarşıda digər müxalifət fikirli təşkilatlara qarşı da bənzər addımların atılacağını istisna etmir və baş verənlərə qarşı kəskin qiymət verməyin zamanı çatıb. Həmçinin, adıçəkilən hərəkatın siyasi partiyaya çevrilməsi get-gedə daha da aktuallaşmağa başlayıb.
Bundan öncə, “Adekvad” müxalifət hərəkatı bəyanat yaymışdı ki, 9 iyuna keçən gecə təşkilatın 11 fəalı polis tərəfindən saxlanılıb. Məlumatda bildirilib ki, bu günlərdə baş nazir “qara geyimli şəxslərə” hədə yağdırıb ki, bu da “Adekvad”ın bir müddət əvvəl qara futbolkalardakı yürüşü ilə bağlı verilən siqnaldır. Ona görə də, hərəkat fəallarına qarşı hakimiyyət tərəfindən sərt təhdidlərə başlanılıb.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB