Metyu Brayza Azərbaycana gəlib

Uzun müddət boş qalan ABŞ-ın Azərbaycandakı səfirliyinin başçısı vəzifəsi, nəhayət ki, tutulacaqdır.

SİA-nın xəbərinə görə, ABŞ-ın Azərbaycandakı səfirliyindən bildiriblər ki, Birləşmiş Ştatların ölkəmizə təyin olunmuş səfiri Metyu Brayza fevralın 6-da Bakıya gəlib.

Xatırladaq ki, Prezident Barak Obama namizədliyini hələ kecən ilin mayında irəli sürdüyü dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinlərindən biri Metyu Brayzanı, Senatın dəstəyi olmadan, dekabrın 29-da qəbul etdiyi qərarla Azərbaycana səfir göndərib.

Məlum olduğu kimi, bu məsələ neçə ay idi ki, Vaşinqtonun siyasi dairələrində müzakirə mövzusuna çevrilmişdi. Brayzanın Azərbaycana səfir göndərilməsi məsələsinin təsdiqi Senatın Xarici Məsələlər Komitəsinin iki ermənipərəst üzvü-Barbara Bokser və Robert Menendez tərəfindən ləngidilirdi. Ağ ev tərəfindən irəli sürülmüş namizəd əvvəlcə Senatın komitəsi, daha sonra isə Senatın tam tərkibi tərəfindən təsdiqlənməli idi. Bokser və Menendez komitə səviyyəsində səsvermə zamanı azlıqda qalaraq M. Brayzanın namizədliyinin qarşısını ala bilməmişdilər. Lakin onlar ABŞ siyasi sistemində olan boşluqlardan istifadə edərək Azərbaycana səfir namizədin Senatın tam tərkibinə səsverməyə çıxarılmasına "veto" qoya bilmişdilər. Ağ evin başçısı bu qarşıdurmadan çıxış yolunu Konstitusiya tərəfindən ona verilən səlahiyyətdə tapmışdır. Belə ki, Senat hökumət vəzifələrinə namizədləri təsdiq etmədən tətilə gedərsə, ABŞ Prezidenti "tətil təyinatları" etmək hüququna malik olur. Barak Obama məhz bu səlahiyyətindən istifadə edərək, Metyu Brayzanı Azərbaycana səfir göndərib.

Prezidentin fərmanı onun seçdiyi şəxslərə Senatın təsdiqini gözləmədən dərhal yeni vəzifələrinin icrasına başlamaq imkanı verir. Lakin Konqres növbəti sessiyasının sonunadək (cari ilin noyabr-dekabrı) namizədləri təsdiqləməsə, bu qərar qüvvədən düşəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə