Armen Aşotyan Nikol Paşinyanı "qorxaq" adlandırdı

Armen Aşotyan Nikol Paşinyanı "qorxaq" adlandırdı

“Ermənistan- Artsax” hərbi-siyasi çatı Paşinyanın naşı, dəyərsiz siyasəti üzündən yarandı”

Ermənistanın baş naziri Nikol Paşinyan hazırda kəskin ittihamlar qarşısında aciz qalıb və xüsusilə müxalifətdə olan siyasilər onu müxtəlif ittihamlarla hədəfə almaqdadırlar. O cümlədən, Paşinyanın işğal altındakı Qarabağ separatçılarının da hədəfinə tuş gəlməsi bütövlükdə erməni ictimaiyyətindəki böhranlı vəziyyəti daha da gərginləşdirməkdədir. Ümumiyyətlə, son zamanlar Ermənistan və Qarabağ ermənilərinin düşmənçilik həddinə çatan qarşıdurmaları bilavasitə baş nazirin üzərinə yazılmaqdadır.

Bu arada, qatı Sarkisyançı, Ermənistanın keçmiş hakim Respublika partiyasının vitse-sədri Armen Aşotyan jurnalistlərlə söhbətində Nikol Paşinyanın qorxaq və cürərtsiz olduğunu deyib.

“Nikol Paşlnyan Qarabağ münaqişəsinin həli məsələsində cavabdeh olmaqdan qorxur”

“Paşinyanda “Artsax” konflikti ilə bağlı strategiya yoxdur”, deyə qeyd edən Armen Aşotyana görə, bugünlərdə o “Artsax” rəhbərliyi ilə öz strategiyasını bölüşməsiylə bağlı danışarkən, yaxşı yaddaşı olan insanlar xatırladılar ki, məhz həmin Paşinyan iki həftə əvvəl Yerevan Dövlət Universitetində strategiyasının olmadığını deyib və hətta bildirib ki, hər kəs ona öz fikirlərini yaza bilər və o da müəyyən təsəvvürə malik olar: “Bəs o nəyi bölüşüb? Görünür, Nikol Paşlnyan Qarabağ münaqişəsinin həli məsələsində cavabdeh olmaqdan qorxur. O, qorxur və düz edir, çünki heç bir ağıllı insan müharibə istəmir. Bütün qorxulara rəğmən o, bizim də toqquşduğumuz Ermənistanın daxili və xarici siyasətinin ekvivalent çağırışları ilə bağlı heç bir addım atmır”.

Paşinyan açıq-aşkar erməni xalqının düşməni olaraq göstərilir

Aşotyan hm də ona görə narahat olduğunu bildirib ki, ümumiyyətlə, Vyana və Sankt-Peterburq razılaşmaları xatırladılmır və s: “Ermənistan- Artsax” hərbi-siyasi çatı Paşinyanın naşı, dəyərsiz siyasəti üzündən yarandı. Bizim bəxtimiz onda gətirib ki, “Arsax hakimiyyəti” daha dərindən düşünüb və Paşinyanın təxribatlarına getmir”.

Beləliklə, artıq Paşinyan açıq-aşkar erməni xalqının düşməni olaraq göstərilir və xüsusilə, Ermənistan-Qarabağ erməniləri arasındakı əsas təxribatçı güc kimi təqdim olunmaqdadır. Bu amil isə əlbəttə ki, istər işğalçı ölkəni, istərsə də separatçı “DQR” rejimini daha sürətlə məhvə doğru sürükləyəcək.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə