"Torpaqlarımızı istədiyimiz şəkildə işğaldan azad edə bilək” ÖZƏL-ŞƏRH
“Azərbaycan strateji müttəfiqi Türkiyə ilə il ərzində bir neçə dəfə hərbi təlimlər keçirir və bu, artıq ənənə halını alıb. Bununla da Azərbaycan strateji tərəfdaşlığın, əməkdaşlığın, qardaşlığın xarakterini ortaya qoyur. Burada qeyri-adi heç nə yoxdur. Ermənistan da Rusiya ilə müttəfiqdir və orada Rusiyanın hərbi bazaları var. Əslində bir neçə ildir qeyd edirəm ki, biz Türkiyə ilə ittifaqı gücləndirməliyik. Nəticə etibarı ilə Türkiyənin hərbi bazalarının Azərbaycanda açılması bizim maraqlara cavab verəcək. Eyni zamanda, bu addım bölgədə sülhə və sabitliyə xidmət edəcək”. Bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Birgə təlimlərdən Ermənistanın təşvişə düşməsinə gəlincə, politoloq bildirib ki, bu, anlaşılandır: “Çünki Ermənistan görür ki, Azərbaycan ordusu güclənir, hərbi-texniki bazası artır. Bütün hallarda Ermənistan anlayır ki, Azərbaycan heç zaman işğalla barışan deyil və gec-tez öz torpaqlarını azad edəcək. Əlbəttə ki, sülh danışıqları hələ ki alınmır və odur ki, gələcəkdə Ermənistan Azərbaycanın hərbi gücü ilə üzləşməli olacaq. Azərbaycan da öz hərbi gücünü ortaya qoyarkən Türkiyə kimi strateji müttəfiqinin dəstəyinə arxayın olacaq. Düşünürəm ki, gələcəkdə Türkiyə ilə hərbi müttəfiqlik daha üst səviyyəyə qalxa bilər”.
E.Şahinoğlu qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında bir çox istiqamətlərdə əlaqələr sıx inkişaf edib: "Sıx əlaqələr iqtisadiyyat, ticarət sahəsində özünü göstərir və eləcə də birgə enerji layihələri həyata keçirilir. Burada ən güclü istiqamət hərbi əməkdaşlıqdır. Çünki bizim ən böyük problemimiz torpaqlarımızın işğal altında qalmasıdır. Tam əminik ki, bizi bu işğaldan güclü ordumuz qurtara bilər. Güclü ordunun formalaşdırılması üçün isə dünya standartlarına malik olmalıyıq. Təsadüfi deyil ki, müdafiə naziri Zakir Həsənov son açıqlamalarının birində qeyd edir ki, Türkiyə bizim müttəfiqimizdir, qardaş dövlətdir, eləcə də NATO-nun üzvüdür və biz Türkiyənin bu imkanlarından geniş istifadə edirik. Azərbaycan Türkiyə ilə hərbi strateji əməkdaşlığı o səviyyəyə qaldırmaq istəyir ki, torpaqlarımızı istədiyimiz şəkildə işğaldan azad edə bilək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB