"Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi" ÖZƏL-MÜNASİBƏT

"Fransa məhkəməsi ermənilərin bütün cəhdlərinin üzərindən xətt çəkdi" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə, mən hər zaman demişəm ki, biz özümüz bir qədər daha çalışqan olsaq çox məsələləri həll edə bilərik. Əlbəttə ki, biz çox zaman susuruq və onda da məsələnin həllinə nail olmaq çətinləşir. Bu baxımdan mən düşünürəm ki, Fransa inzibati məhkəməsinin bu ölkənin Arnuvill şəhəri (Val Duaz departamenti, Parisin ətrafı) ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış "Dostluq haqqında xartiya"nı ləğv etməsi əslinə qalanda bizim üçün bir həyəcan siqnalı olmalıdır. O mənadakı biz ona baxıb örnək götürməli və çalışmalıyıq ki, bənzər məhkəmə qərarları daha da çoxalmış olsun". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Yəni Azərbaycanın ədalətli mövqeyini hətta hansısa ölkənin ən adi bir məhkəməsində belə biz sübuta yetirə biliriksə, bu artıq bizim qələbəmizdir. Eyni zamanda həm də Azərbaycana yanaşmada heç də hamının qərəzli və ikitərəfli yanaşmasının olmadığının göstəricisidir. O baxımdan düşünürəm ki, Fransa məhkəməsinin məlum qərarı bütövlükdə Azərbaycanın milli vətənpərvər kəsimini bir qədər də hərəkətləndirməlidir. Təbii ki, burada dövlət qurumlarımızın üzərinə də vəzifələr düşür. Onlar da öz vəzifələrini uyğun şəkildə əl-ələ verərək xüsusən də vətəndaş cəmiyyəti fəalları, diaspor nümayəndələri ilə birlikdə həyata keçirərlərsə bu cür qərarların sayı çoxalmış olacaq. Bu isə birbaşa ermənilərə zərbə deməkdir. Yəni onların əsassız iddialarının dünyanın ayrı-ayrı ölkələrindən rədd edilməsi demək olacaq”, - deyə, A.Həsrət fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə