"Hərbi təlimlər Ermənistanda təşvişlə qarşılanmaqdadır" ÖZƏL-MÜNASİBƏT

"Hərbi təlimlər Ermənistanda təşvişlə qarşılanmaqdadır" ÖZƏL-MÜNASİBƏT

“Türkiyə və Azərbaycan dost ölkə olmaqla yanaşı həmçinin dini, dili, soyu bir olan qardaş xalqlardır. Bu gün Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın da gücü Türkiyənindir”. Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli deyib.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycanla Türkiyənin siyasi, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlıq əlaqələri də mövcuddur: “Bu əlaqələr daha da dərinləşməkdədir. Xüsusilə enerji sahəsində iki ölkənin birgə əməkdaşlığı sürətlə inkişaf edir, Avropanın enerji ilə təmin olunması istiqamətində mühüm addımlar atılır, qərarlar qəbul olunur. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də bu yaxınlarda açılışı olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti böyük əhəmiyyətə malikdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə həmişə Azərbaycana dəstək verib. Azərbaycan torpaqlarının 20 fazinin Ermənistan tərəfindən işğal olunmasına görə, Türkiyə sərhədlərini Ermənistanın üzünə bağlayıb və işğalçı ölkə ilə heç bir diplomatik əlaqə qurmayıb”.

E.Həsənli əlavə edib ki, Azərbaycanla Türkiyə arasında olan hərbi təlimlər iki qardaş ölkənin silahlı qüvvələri arasında inteqrasiyaya təkan verir, hərbi təlimlər Azərbaycan və Türkiyə ordusunun döyüş gücünün artırılması baxımından önəmli rola malikdir: “Azərbaycan-Türkiyə birgə hərbi təlimləri Ermənistanda təşvişlə qarşılanmaqdadır. Azərbaycan və Türkiyə arasında olan birgə hərbi təlimlər hər iki ölkənin hərbi qüvvələri arasında önəmli rol oynayır”.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən bu gündən başlayaraq iyunun 11-dək Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimin son mərhələsi keçiriləcək.

Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə