15 iyun - Milli Qurtuluşumuzun şərəf salnaməsi ANALITIK

15 iyun - Milli Qurtuluşumuzun şərəf salnaməsi ANALITIK

Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və xalqımız üçün bundan əziz bayram yoxdur

15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVDİR!

O da bəllidir ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər

Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikasının Ali Məclisin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb və xalqımız üçün bundan əziz bayram yoxdur. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

Müstəqil Azərbaycanın idarəçilik sükanı dahi Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir

Bu il Azərbaycan müstəqilliyinin 28-cü ilini yaşayır. Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Məhz ölkəmizin inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu baxımdan, qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı dahi Heydər Əliyevin siyasi varisi cənab İlham Əliyevin əlindədir.

Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib. Ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu tək Azərbaycan vətəndaşları yox, bu faktı bütün dünya təsdiq edir. Azərbaycana səfər edən hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Hətta bir sıra beynəlxalq ekspertlər ölkəmizdə təkcə yoxsulluğun səviyyəsinin son illərdə azalması faktoruna söykənərək Azərbaycanı inkişaf etməkdə olan yox, inkişaf etmiş ölkələrin sırasına daxil edirlər. Ölkəmizdə gedən inkişaf həm geniş spektrlidir, həm də bütün regionları əhatə edir. Bu da çox önəmli bir amildir. Yəni inkişaf tək paytaxtla məhdudlaşmır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlar olduqca böyük əhəmiyyətə malikdir.

Bu reallıqlar isə xalqımızı, dövlətimizi daha uca zirvələrə doğru yüksəldir

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası misli görünməmiş sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb, sosial islahatlar paketi uğurla icra olunur. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus xüsusi yeri olan önəmli bir dövlətdir. Ölkəmizdə çox uğurla həyata keçirilən iqtisadi siyasətin nəticəsidir ki, dünyada tüğyan edən qlobal böhran Azərbaycana təsir göstərə bilmir və başqa ölkələrdən fərqli olaraq respublikamızda dinamik artım davam edir, böyük maliyyə tutumlu layihələr həyata keçirilir, investisiya qoyuluşu genişlənir, əhalinin sosial rifah halı yaxşılaşır. Bütün bu reallıqlar isə xalqımızı, dövlətimizi daha uca zirvələrə doğru yüksəldir.

Azad BALAYEV,

YAP Balakən rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə