Qarayeri kəndinin sakinlərini gözləyən təhlükə

Qarayeri kəndinin sakinlərini gözləyən təhlükə

Samux rayonunun Qarayeri kəndinin sakinlərini narahat edən ərazidən keçən Quşqara çayının yaratdığı fəsadlardır. Sakinlərin sözlərinə görə, illərdir çayın daşması vətəndaşların həyat tərzini tamamilə iflic edib. Sonuncu dəfə acınacaqlı vəziyyət ötən ilin avqust ayında qeydə alınıb. Burada evlər çaya yaxın olduğundan təhlükə artır. Bu günə kimi çaydakı daşqınlardan sonra vətəndaşların əkin sahələri, mal-qaraları, körpülər sular altında qalıb. Üstəlik çayın keçidiyi kanalda məişət tullantılarının çoxluğu suyun daşmasına və məcrasını dəyişməsinə səbəb olur.

"Gəlib kanalı təmizləyən yoxdur. Şükür ki, hələ daşqın vaxtı deyil. Ancaq biz indidən narahatıq. Ötən il sel suları mal-qaramızı apardı, əkin sahələrimizi yudu. Hətta bəzi evlərə də ziyan vurdu. Bu kimi halların yenidən təkrarlanmasını istəmirik", sakinlər deyir.

Samux rayon Qarayeri bələdiyyəsində isə narahatçılığa əsas olmadığını bildirirlər. Bələdiyyə sədri Nizami Ələsgərovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, vəziyyət nəzarət altındadır. Üstəlik, vətəndaşların nə mal-qarası, nə də evlərinə ziyan dəyib.

"Əhali deyir ki, mal-qaralarımız suda tələf olub. Bu fikirlər həqiqəti əks etdirmir. Ola bilər kiminsə mal-qarası nəzarətsiz qalıb, gedib çayda batıb. Bu, kütləvi hal demək deyil. İnsanların evlərinə isə, ümumiyyətlə ziyan dəyməyib. Hazırda yaz aylarında çayın yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Sahilbərkitmə işləri görülür", N.Ələsgərov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə