Həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən alim

Həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən alim

Dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuş Fərman Salmanovun adı Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına verilib

Qədim və zəngin tarixə malik Azərbaycan torpağı böyük istedada malik olan elm, sənət xadimləri yetişdirib. Bu insanlar ölkəmizin hududlarından çox-çox uzaqlarda tanınmış simalardır. Azərbaycan xalqının yetişdirdiyi ziyalılar sırasında geologiya-minerologiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifi olan Fərman Salmanovun da adı var. Bütün həyatını neft və qaz yataqlarının işlənməsinə həsr edən Fərman Salmanovun adı dünya neft tarixinə Tümenin zəngin təbii sərvətlərinin ilk kəşfiyyatçılarından biri kimi daxil olmuşdur. Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi də təsadüfi deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edərək, Rusiya Federasiyasının Surqut şəhərinin hava limanına görkəmli neftçi Fərman Salmanovun adının verilməsi ilə bağlı təşəkkürünü bildirib və bu qərarın Azərbaycan ictimaiyyəti tərəfindən böyük minnətdarlıqla qəbul edildiyini vurğulayıb. Telefon söhbəti zamanı Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib və əldə edilmiş nailiyyətlərdən məmnunluq ifadə olunub.
HEÇ BİR NEFT EHTİYATININ OLMADIĞI İDDİA EDİLƏN QƏRBİ SİBİRDƏ İLK NEFT YATAQLARINI ÜZƏ ÇIXARMIŞ AZƏRBAYCANLI ALİM
Qeyd edək ki, F.Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olmuşdur. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə hələ erkən yaşlarından geoloji ekspedisiyada sıravi işçi kimi başlayan Fərman Salmanov 1954-1959-cu illərdə Novosibirsk Geologiya İdarəsində geoloq, böyük geoloq, neft kəşfiyyatı ekspedisiyasının rəisi olmuşdur.
1959-cu ildə Tümen Ərazi Geologiya İdarəsi Surqut Neft Kəşfiyyatı Ekspedisiyasının rəisi vəzifəsinə təyin edilən Fərman Salmanov 1962-1964-cü illərdə Ust-Balık ekspedisiyasının baş geoloqu, 1964-1970-ci illərdə Pravdinsk Neft Kəşfiyyatı Ekspedisiyasının rəisi, 1970-1987-ci illərdə Tümen Baş Geologiya İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır.
O, heç bir neft ehtiyatının olmadığı iddia edilən Qərbi Sibirdə ilk neft yataqlarını üzə çıxarmışdır. Fərman Salmanovun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin yüzdən artıq irihəcmli yataq kəşf edilərək, istismara verilmişdir. Belə ki, Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yataqda qazılmış ilk kəşfiyyat quyusu neft fontanı vurur. Salmanov əleyhdarlarına belə bir məktub yazır: "Möhtərəm yoldaşlar, Megionda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı?" Salmanovun SSRİ Geologiya nazirliyindəki əleyhdarları hadisənin təbii anomaliya olduğunu deyir və neft fontanının tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Üst-Balıqda ikinci neft-qaz yığımını kəşf etdikdən sonra Kommunist Partiyasının 22-ci konqresinə Sovet lideri Nikita Xuruşşova məktub ünlanlayır. "Mən neft tapmışam. Bax belə". Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər və Sibir qısa müddətə, ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir.
ŞƏXSİYYƏTİNDƏ TƏDQİQATÇI-ALİM SƏRİŞTƏSİ, PEŞƏKAR NEFTÇİ İSTEDADI, DÖVLƏT VƏ İCTİMAİ XADİM TƏCRÜBƏSİ VƏHDƏT TƏŞKİL EDİB
Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr etmişdir. Fərman Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. İstehsalatda uğurlarını elmi fəaliyyətlə səmərəli şəkildə əlaqələndirən alim 1972-ci ildə doktorluq dissertasiyası müdafiə edərək, geologiya-minerologiya elmləri doktoru elmi dərəcəsi almışdır. O, 1989-cu ildə Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
Fərman Salmanov 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin müavini olmuş, 1992-ci ildən "Rospan İnternəşnl" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, 2002-ci ildən isə "İtera" şirkəti Direktorlar Şurası sədrinin müşaviri, eləcə də, "Yuqneftqaz" Cəmiyyəti Direktorlar Şurasının sədri işləmişdir.
F.Salmanovun şəxsiyyətində tədqiqatçı-alim səriştəsi, peşəkar neftçi istedadı, dövlət və ictimai xadim təcrübəsi vəhdət təşkil etmişdir. Tanınmış geoloq-alimin neft və qaz geologiyası sahəsində fundamental axtarışlarının nəticələri mütəxəssislər tərəfindən daim yüksək qiymətləndirilmiş və ixtisaslı neftçi kadrların yetişdirilməsində mühüm rol oynamışdır.
F.Salmanovun ictimai xadim kimi fəaliyyəti zəngin və təqdirəlayiqdir. Ayrı-ayrı illərdə Azərbaycanın və Rusiyanın ali məclislərinin deputatı olmuş F.Salmanov iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi işinə kömək göstərmiş, Rusiyada Azərbaycan diasporunun formalaşdırılması və inkişaf etdirilməsində böyük əmək sərf etmişdir. F.Salmanov neft sənayesinin inkişafındakı xidmətlərinə görə bir çox fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycanın ali mükafatına - "Şöhrət" ordeninə layiq görülmüşdür.
Görkəmli neftçi, mühəndis-geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru F.Salmanov 2007-ci il martın 31-də ömrünün 79-cu ilində vəfat etmişdir.
Görkəmli neftçi alim, gözəl ziyalı və təvazökar insan F.Salmanovun xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə