"Substantiv danışıqlar aparılsa da, icra mexanizmi yoxdur" RƏY-ÖZƏL
“Ermənistanın status-kvonu uzatmaqda məqsədi qondarma qurumu hansısa statusla tanıtmaqdır. Bunu Qərb də artıq başa düşür. Azərbaycan yalnız işğalçıların həmin əraziləri tərk etdikdən sonra status vermək iqtidarındadır”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi-şərhçi Arzu Nağıyev deyib.
O bildirib ki, Ermənistan bufer zonaları saxlamaqla qurumun hanısa statusuna nail olmasını düşünsə də, bu alınmır: “Çünki Ermənistan tərəfindən əsas şərtlərə - yəni BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan 4 qətnamə yerinə yetirilmir, işğalçı işğal olunan ərazilərdən çıxmır, Vyana və digər protokollara məhəl qoyulmur. Bir sözlə, Ermənistan hakimiyyəti vaxt udmağa çalışır. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrləri də buna susur”.
Siyasi şərhçi söyləyib ki, ATƏT-in Minsk qrupunda təmsil olunan Rusiya, Fransa, ABŞ BMT-də təmsil olunan 5 ölkə sırasında olsalar da, münaqişənin həlli ilə bağlı Azərbaycana qarşı hər zaman ikilistandartlı mövqedən çıxış edirlər: “ABŞ-la Rusiya arasında nüfuz davası gedir. Fransa isə daim öz ermənipərəst mövqeyi ilə tanınır. Amma onlar da anlamalıdırlar ki, münaqişənin sonu müharibə ilə nəticələnə bilər. Danışıqlar effekt vermirsə, Azərbaycan bundan sonra 25 il gözləməyəcək. İstər Ali Baş Komandan, istərsə də digər qurumların rəhbərləri də dəfələrlə açıqlamalarında bildiriblər ki, hərb variantı istisna deyil. Bu baxımdan regional oyunçular baş verənlərə reaksiya verməlidirlər”.
A.Nağıyev qeyd edib ki, Azərbaycanla Ermənistan arasında substantiv danışıqlar aparılsa, da icra mexanizmi yoxdur: “Necə ola bilir ki, qərarlar qəbul edilir və onun icrası istiqamətində hər iki dövlət bəyanat verir amma həll olmur? Görüşlərin Rusiyada və ya ABŞ-da keçirilməsi sadəcə bu ölkələrin nüfuz davasıdır. Lakin bizim üçün əhəmiyyətli olan məsələn hansı ölkənin münaqişənin həqiqətən də həll edilməsində maraqlı olmasıdır. Təəssüf ki, Ermənistandan icra mexanizmini tələb edən yoxdur. Belə olan halda Azərbaycan güc nümayiş etdirməklə erməniləri danışıqlar masasına əyləşdirməkdən başqa yolu qalmır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB