"Madriddə oyunları izləmək fanatlara baha başa gəlib" ÖZƏL - ŞƏRH

"Madriddə oyunları izləmək fanatlara baha başa gəlib" ÖZƏL - ŞƏRH

“UEFA Çempionlar Liqasının Madriddə keçirilən final oyunu ilə Avropa Liqasının Bakıda keçirilən final oyununu təşkilatçılıq müstəvisində, ümumiyyətlə müqayisə etmək mümkün deyil. Mən bu fikirləri deyərkən, Azərbaycan mediasının yazdıqlarına və azərbaycanlı mütəxəssislərin fikirlərinə toxunmuram, yalnız xarici KİV-lərdə yazılanlara istinad edərəm”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Sədr müavinin sözlərinə görə, transmilli KİV-lər, idman xəbərləri üzərində ixtisaslaşmış beynəlxalq yayımçılar birmənalı olaraq, Madriddə keçirilən final oyununu faciə kimi dəyərləndirirlər: “Böyük Britaniya KİV-ləri dünən maraqlı bir fakt açıqlamışdılar ki, Madriddə keçirilən oyunları izləmək fanatlara normaldan 8,4 dəfə baha başa gəlib. Buraya Madridə gəlmək üçün yol pulu, hoteldə gecələmək və oyun biletlərini almaq daxildir. Hər üç istiqamətdə qiymətlər normada olduğundan 8,4 dəfə çox bahalaşdırılıb. Həm də bu bahalaşma süni şəkildə, heç bir zərurət olmadan, qaydasız gəlir götürmək üçün edilib. Bakıda isə qiymətlər normaldan 2 dəfə aşağı olub. Amma problemlər bununla bitməyib: yol infrastrukturu yetərli olmadığı, təşkilatçılıq zəif olduğu üçün stadiona gedən yolda tıxaclar yaranıb, fanatlar yollarda qalıblar. Hətta “Liverpul”un sahibi Con Henri özü də tıxaca düşərək, oyuna baxmağa gec qalıb. Ən dəhşətlisi odur ki, xarici KİV-lər 2000-dən artıq saxta bilet satıldığını, buna görə də stadionda yerlər üzərində insident yaşandığını, əsl bilet sahiblərinin yerlərinə yerləşə bilmədiklərini yazırlar. Bu, artıq təşkilatçılıqda məsuliyyətsizliyin, maxinasiyalara şərait olmasının göstəricisidir. Yarıçılpaq geyimli qızların oyun meydanına daxil olması isə əsl şok yaradıb. Mahiyyətinə varmayanlar buna, bəlkə də əyləncə kimi baxırlar. Amma bu, əsl təhlükəsizlik problemidir. Yarıçılpaq geyimli xanımın əvəzinə oyun meydanına fərqli bir şəxs də daxil olub oyunçulara xəsarət yetirə bilərdi.

Problemlər çoxdur, hamısını sadalamaq olmur. Bizim üçün önəmli olan budur ki, bütün bu məqamları xarici ekspertlər, xarici KİV-lər özləri yazırlar, özləri etiraf edirlər. Onların əksəriyyəti faktları sadalamaqla keçirlər. Amma vicdanlı, məsuliyyətli KİV-lər isə Madriddəki oyunlarda baş verən qüsurları sadalamaqla keçmirlər, həm də Bakı ilə müqayisələr aparırlar, Bakının təşkilatçılıq baxımından çox yüksək davrandığını etiraf edirlər.

Mən xarici KİV-lərdə yazılanları izlədikcə düşünürəm ki, Madrid oyunlarının Bakıdan dərhal sonra keçirilməsi və bu qədər qüsurlarla müşayiət olunması, bəlkə də Azərbaycana qarşı daimi qərəzli kampaniya keçirənlərə Tanrının bir ironiyası idi. Onlar bu amildən nəticə çıxarmalıdırlar, hər addım başında sünii oyunlar qurub Bakıya qarşı kampaniya keçirməkdən yayınmalıdırlar. Ədalət gec-tez öz yerini tapır və kimin-kim olduğunu göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə