"Azərbaycan təhlükəsiz ölkə olduğunu bir daha sübut etdi" AÇIQLAMA-ÖZƏL

"Azərbaycan təhlükəsiz ölkə olduğunu bir daha sübut etdi" AÇIQLAMA-ÖZƏL

“Avropa Liqasının final oyunun Bakıda təhlükəsiz, yüksək səviyyədə təşkil olunduğunu hər kəs etiraf edir. UEFA Prezidenti Aleksander Çeferin özü də şəxsən Avropa Liqasının final oyununun Bakıda keçirilməsi barədə qərarın doğru bir qərar olduğunu “Daily Mail" nəşrində də qeyd edib və bildirib ki, Bakıda keçirilən oyun ziyarətçilərin say göstəricisinə görə Avropa Liqasının final oyunları tarixində üçüncü yerdədir. O qeyd edib ki, futbolu tək böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirməliyik. Mixtaryanın Bakıya gəlməməsinə gəlincə, UEFA prezidenti təhlükəsizliyi ilə bağlı bütün zəmanətləri aldıqlarını bildirdi”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, gördüyümüz kimi UEFA rəsmiləri də qeyd edir ki, Azərbaycan tədbirin bütün iştirakçılarına təhlükəsizliyə dair zəmanət verib: “Ancaq heç şübhəsiz ki, hər zaman olduğu kimi erməni diasporası öz mənfur məqsədini yenidən ortaya qoydu, bir çəllək bala bir qaşıq zəhər töküb onu zəhərləmək istəsələr də, niyyətləri gözlərində qaldı, Mxitaryan kartından istifadə cəhdləri mənasız qaldı”.

Politoloq söyləyib ki, nə Mxitaryanın təhlükəsizliyi bəhanə etməsi, nə də onun soyadı yazılmış köynəklə şəhərdə gəzən azarkeşlər istənilən nəticəni vermədi: “Təxribatçıların bütün planları puç oldu. Mən burada başda Azərbaycan prezidenti olmaqla tədbirin yüksək səviyyədə təşkil olunmasını, xüsusilə asayişin, təhlükəsizliyin təmin olunmasında daxili işlər naziri Ramil Usubovun, polisimizin müstəsna rolunu xüsusi qeyd etməyi özümə borc bilirəm. Azərbaycanın polis orqanları öz yüksək peşəkarlığı, əzmkarlığı, dövlətçiliyimizə sadiqliyi ilə ölkəmizdə təhlükəsizlik sisteminin onurğa sütununu təşkil edir. Məhz polis orqanlarının sayəsində bütün beynəlxalq tədbirlər kimi bu tədbir də yuksək təhlükəsizlik şəraitində təşkil edildi və başa çatdı”.

N.Məmmədova əlavə edib ki, Azərbaycan dövləti, onun polisi bir daha sübut etdi ki, beynəlxalq tədbirlərin təhlükəsizliyin təşkili sahəsində artıq dünya standartları səviyyəsində fəaliyyət göstərməyə qadirdir və gələcəkdə də polisimizin peşəkarlığı, formalaşmış təcrübəsi sayəsində bu cür tədbirlər keçirəcək olan ölkəmizin təhlükəsiz, əmin-aman ölkə olması haqda formalaşmış müsbət imic ölkəmizdə keçirilən tədbirlərin təhlükəsizliyinə inamı, güvəni daha da artıracaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə