Madrid rüsvayçılığı britaniya və dünya KİV-lərinə bu etirafı etdirdi
Madriddə keçirilmiş Çempionlar liqası finalında qarşılaşan “Liverpul”-“Tottenhem” oyunu azarkeşlərə cansıxıcılıqla yanaşı, nəhəng problemlər də yaşatdı. Bunu dünya mətbuatı yazdı və ən maraqlısı budur ki, həmin məsələdə Bakının Madriddən istər təşkilatçılıq, istər təhlükəsizliyin təminatı, istərsə də digər oyunqabağı və sonrası proseslər baxımından qat-qat üstün, eləcə də yüksək səviyyəli olduğu vurğulandı. Hətta Bakıdan üzr istəyənlər də oldu!
“Bu, Çempionlar liqasının tarixində ən pis final idi. Bakı, sizə güldüyümüz üçün bizi bağışlayın. Geriyə baxarkən, siz Madriddən daha çox səviyyəli oldunuz”, jurnalistlər tvitterdə yazıblar.
İspaniyanın paytaxtı ingilislərin fanat dalğası ilə bacara bilmədi
Əslində, həqiqətən də, futbol üzrə nəhəng hadisələr yaşayan, təşkilatçılıq məsələlərində Bakıdan kifayət qədər təcrübəli olan Madrid finalı çox aşağı səviyyəsi ilə yadda qaldı. Maraqlısı da budur ki, digər xarici KİV-lərlə yanaşı, elə Bakıya qarşı müxtəlif gülünc iddialar səsləndirən Britaniya mətbuatı da bunu etiraf etmək məcburiyyətində qaldılar. Çünki İspaniyanın paytaxtı ingilislərin fanat dalğası ilə bacara bilmədi. Nə çılğın davranışları ilə, nə azarkeşlərdən sonra yığılıb-qalmış zibil təpələri ilə, nə də digər problemlərlə. Madrid hətta stadionda tələb olunan təhlükəsizliyi belə, lazımi səviyyədə təşkil edə bilmədi (yarıçılpaq qızın stadionun ortasına qaçması və s. hadisələr), o cümlədən, saxta bilet satışı və dələduzluğunun qarşısını almağa müyəssər olmadı.
Hələ bu harasıdır..?
Artıq bir çox beynəlxalq KİV-lər 33 yaşlı ingilis azarkeşinin tam şəkildə soyunaraq, Madridin mərkəzində və azarkeş kütləsinin ortasında əxlaqsız hərəkətlərini (mastrubasiya) əks etdirən videosunu yayıblar. İspaniyanın “El Mundo” qəzeti yazır ki, həmin azarkeş italiyalı turist xanıma qarşı zor gücü və əxlaqsız hərəkət tətbiq edib və nəticədə turist xəstəxanaya yerləşdirilib. Hələ bu harasıdır? İngilis azarkeşin vəhşi və qeyri-insani davranışının qarşısını almaq istəyən polis belə, onunla bacara bilməyib. Belə ki, yüksək alkoqol və ehtimal edilən narkotika təsiri altında olan azakeşi saxlamağa çalışan polisdən 6-ı döyülüb, yalnız əlavə dəstək gələndən sonra onu saxlamaq mümkün olub.
Bakıda belə halları təsəvvürə gətirmək olardımı?
Onu da qeyd edək ki, Azərbaycanın paytaxtından fərqli olaraq, Madriddə kütləvi həbslər və özlərini normal aparan azarkeşlərin döyülməsi faktları da qeydə alınıb. “İspan polisi bara daxil olaraq, “Tottenhem”in 50 fanatını heç bir səbəb olmadan döyüb. Onların bir çoxu ciddi travmatik zədələr alaraq, xəstəxanalara qaldırılıblar”, Britaniya KİV-ləri yazır.
İnsidentlərin bir çoxu biletlərlə bağlı olub. Polis 2 saxta bileti 8400 avroya satmaq istəyən qadını saxlayıb. Bundan əlavə, polis daha 3 italyanı və daha 6 şəxsi saxlayıb. Belə ki, onlar biletlərlə saxta biletlərlə yanaşı, həm də saxta futbol atributikaları satıblar.
Ən dəhşətlisi isə budur ki, “The Telegraph”ın yazdığına görə, Madridə axın etmiş fanatların yarıdan çoxu saxta biletlərə sahib olublar. UEFA-dan bildirilib ki, finala satılan saxta biletlər rekord həddə çatıb. Bununla bağlı, oyun günü 63 min azarkeş tutumuna sahib olan stadionda buraxılış sistemi sərtləşdirilib. O cümlədən, UEFA fanatları qara bazarlarda dələduzlardan ehtiyat etməyə çağırıb. Həmin dələduzlar qara bazarlarda özlərini stüard kimi təqdim edərək, saxta biletləri satmağa çalışıblar. Yaxud, biletləri yoxlamaq adı altında özlərində olan saxta biletləri həqiqi biletlərlə dəyişərək, azarkeşlərə qarşı dələduzluq törədiblər.
Bənzər dələduzluqla tanınmış tenor Vinn Evans da qarşılaşıb. O bildirib ki, onlayn agentliyə 7 min funt ödəyərək 2 bilet alıb ki, azarkeşi olduğu “Tottenhem”in Madrid finalını canlı izləsin. BBC-nin qeyd etdiyinə görə, sonradan ona bildirilib ki, biletlər əlçatmazdır.
“Görünür, onlar mənə biletləri satıblar və anlayanda ki, onlayn vasitəsi ilə daha çox qazana bilərlər, həmin biletləri yenidən satışa çıxarıblar”, deyə Evans bildirib. O, sonradan məcbur olaraq, daha 2 bilet alıb. Lakin o, 7 min funt sterlinq ödənişini artıq geri ala bilməyəcəyinə əmindir.
Qeyd edək ki, hər iki kluba təxminən 17 min bilet ayrılmışdı. UEFA-nın rəsmi saytında biletlərin qiyməti 70-600 avro arasında dəyişsə də, onlar min və daha artıq avroya satılıblar.
“Liverpul”un sahibi və əfsanəvi futbolçuları stadiona piyada getmək məcburiyyətində qalıblar
Beləliklə, Madrid digər problemlərlə yanaşı, nəqliyyat məsələsində də ciddi sarsıntılara məruz qalıb. Stadiona gedən yollarda nəhəng və kilometrlərlə uzanan tıxaclar yaşanıb. “Liverpul”un sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqıiş və Yan Raş maşından düşərək, stadiona tərəf piyada getmək məcburiyyətində qalıblar. Bu barədə isə Britaniyanın digər nəşri - “Irish Mirror” yazıb.
Azarkeşlər həmçinin 31 may-2 iyun tarixlərində Mariddə otellərin və kirayələrin çox baha olmasından da şikayət ediblər. Həmçinin, Madridin fan-zonası da azarkeşlər üçün bağlı olub.
Lakin xatırladaq ki, Avropa Liqasının Bakı finalında azarkeşlər Olimpiya stadionuna çox rahat şəkildə gediblər. Onlar üçün xüsusi avtobuslar ayrılıb. Bakı fan-zonasını isə qarşılaşmadan öncə bağlamayıblar və orada quraşdırılmış böyük ekranda finalı izləmək mümkün olub. O cümlədən, azarkeşlərin Bakıda ciddi insidentləri də yaşanmayıb və final öz yüksək təşkilatçılığı ilə tarixə yazılıb.
İngilis futbol eksperti Brayan Uirli: “Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”
Sonda isə, İngiltərənin ən məşhur futbol ekspertlərindən olan Brayan Uirli BBC-yə verdiyi açıqlaması özündə bir sıra həqiqətləri ehtiva edib. O, bildirib ki, Madriddən fərqli olaraq, Bakıdakı finalın təşkili çox yüksək səviyyədə olub. “Bakı uzaq olsa da, oradakı matçın təşkili əla idi. Şəhər çox təmiz, təhlükəsiz, stadiona gediş rahat. Madrid əsl cəhənnəm oldu. Çempionlar Liqası tarixində ən pis təşkil olunmuş matçdı. Mən və İngiltərədən “Çelsi”-“Arsenal” oyununu seyr etmək üçün Bakıya getmiş on minlərlə fanat qarşılaşmaya ev sahibliyi edən Azərbaycanın paytaxtındakı hazırlıq və təşkilat səviyyəsindən, infrastrukturdan, təhlükəsizliyin təminatından vəcdə gəldik”.
Bax, reallıq və gerçəklik də budur. Çox yəqin ki, Bakı finalına qədər səs-küy yaradan bəlli medialar və ayrı-ayrı dairələr üçün bu kimi etiraf həm də soyuq düş effektini verəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB