Yarıçılpaq azarkeş və iki final oyununun çılpaqlıqları TƏHLİL

Yarıçılpaq azarkeş və iki final oyununun çılpaqlıqları TƏHLİL

Son bir həftədə dünya iki möhtəşəm futbol yarışının şahidi oldu; mayın 29-da Bakıda baş tutan Avropa Liqasının finalı ("Çelsi" və "Arsenal") və 3 gün sonra iyunun 1-də Madriddə keçirilən UEFA Çempionlar Liqasının final oyunu ("Tottenhem" və "Liverpul").

Hamı onun da şahidi oldu ki, Bakıda ən yüksək təşkilatçılıq nümunəsi sərgilənməsinə rəğmən, Madriddə bu baxımdan ciddi çatışmazlıqlar üzə çıxdı.

Amma nə baş verdi?

İngilis və digər Qərb KİV-ləri ölkəmizdə baş tutan final oyunu öncəsi tamamilə yalana söykənən anti-Azərbaycan kampaniyasına start verdi. Heç bir fakta istinad olunmadan müxtəlif yalanlar uyduruldu və idman yarışı çirkin şəkildə siyasiləşdirildi.

Madriddə isə anoloji yanaşma olmadı. İdmana siyasi çalarlar vurmaq ölkəmiz əleyhinə kampaniya aparanların yadına belə düşmədi. Biabırçı qüsurlarla müşahidə olunan UEFA Çempionlar Liqasının final oyunu Qərbin həmişə olduğu kimi, ikili standartlardan çıxış etdiyini sübuta yetirdi.

Faktlar hər şeyi gün kimi ortaya qoyur.

Bakıda oyunun təşkili bütün parametrlər üzrə ən yüksək səviyyədə baş tutdu. Dövriyyəyə buraxılan yalanların əksinə olaraq, təhlükəsizlik, nəqliyyat, servis, otellər, turitlərin rahat hərəkəti və s. üzrə hər hansı çatışmazlıq qeydə alınmadı. Ölkəmizə gələn azarkeşlər aeroportda millətimizə xas olan qonqpərvərliklə qarşılandı və burda olduğu müddətdə onlar tam sərbəst, təhlükəsiz formada finalı izlədilər, eyni qonaqpərvərliklə də yola salındılar. Sadə dildə desək, kimsənin burnu belə qanamadı.

Madriddəki finalınsa təşkilatçılıq nöqteyi-nəzərindən qüsurlarının sayı bitib-tükənmir. İspan və digər ölkələrin mətbuatında, sosial şəbəkələrdə yer alan bəzi önəmli faktlara toxunmaq yetər ki, Madrid finalındakı təşkilatçılığın hansı səviyyədə olduğu aydın görünsün.

- Azarkeşlər şəhərdə nəqliyyat, kommunikasiya vasitələrinin normal işləməməsindən, finalı izləməyə gələn turistlər üçün lazımı şəraitin olmamasından, ictimai tualetlərin belə çatışmazlığından şikayətləniblər;

- Bir neçə ingilis fanatı qeyri-etik hərəkətlər, italiyan turistə həqarət və polisə hücum ittihamı ilə həbs olunub. “Tottenhem” klubunun azarkeşləri iddia edir ki, qarşıdurma ispan polisinin pabda 50-dək ingilis fanatına qarşı zorakılıq tətbiqinə cavab olaraq baş verib. Bildirilir ki, polis “heç bir səbəb olmadan”ingilis azarkeşləri döyməyə başlayıb. Polis hansısa fanatı hər hansı bir hərəkətə görə saxlaya bilər, lakin dünyanın digər ölkələrində olduğunu kimi İspaniyada da güc strukturu əməkdaşlarının həmin şəxsləri döymək hüququ yoxdur;

- İspaniya polisi Çempionlar Liqasının finalı üçün 2000 saxta məhsul satmaq istəyən 6 şəxsi həbs etdiyini açıqlayıb;

- UEFA saxta biletlərin satışına görə hər iki klubun azarkeşlərinə xəbərdarlıq edib. Məlumatlara əsasən, finalda oynayacaq komandaların hər birinə 17 min bilet verilib. Lakin biletlər artıq qara bazara düşüb. İspan mətbuatının məlumatına əsasən, Madridin küçələri oyuna gələn minlərlə biletsiz azarkeşlə dolu olub və əvvəl şəhərdə saxta bilet satmaq istəyən bir qrup italyan həbs olunub;

Azarkeşlər biletləri olmasına baxmayaraq stadiona buraxılmayıb. Polis onlara qarşı zor tətbiq edərək geri qaytarıb. Bir fanat isə digərinin biletini oğurlayarkən yaxalanıb.

-Azarkeşlər Madridə səfərin 12 saata qədər çəkdiyini və ən azı 9 min dollar xərc tələb etdiyini önə çəkərək narazılıqlarını ifadə ediblər. Otellərin baha olması da ciddi narazılıq yaradıb;

- "Liverpul"un avtobusu oyunun keçiriləcəyi "Vanda Metropolitano" stadionunda tunelə ilişib və yarım saat tuneldə qalıb;

-Çox sayda fanat hava limanında, gecikməyə görə yeddi saat gözləməli olub. Bundan başqa, “Liverpul” klubunun sahibi Con Henri və klubun əfsanələri Kenni Dalqlişla İan Raş dəhşətli tıxaca görə avtomobillərini tərk edərək Çempionlar Liqasının finalının keçirildiyi Madrid stadionuna piyada getməli olublar. Stadiona gedən yollardakı dəhşətli tıxaca görə əsas avtomagistrallarda hərəkət dayanıb;

- Final oyunu günü isə 18-ci dəqiqədə meydana yarıçıplaq xanım azarkeşin çıxması çatışmazlıqların pik nöqtəsi olub. Çimərlik geyimində olan fanat mərkəzədək gəlsə də, stüardlar onu saxlayaraq, çölə çıxarıblar. Bundan sonra oyun davam etdirilib.

Beləliklə, sadalanan faktlar ingilis mətbuatının və Qərbin bəzi KİV-nin Azərbaycana qarşı məqsədli şəkildə hücuma keçdiyini bir daha təsdiq edir. Ard-arda baş verən iki final oyunu çox aydın mənzərə yaradıb.

Anti-Azərbaycan tezislər- Bakının uzaq olması, komandalara biletlərin az verilməsi, nəqliyyat, otellərin baha olması, təhlükəsizlik və digər əsassız iddialar suya düşdü. Azərbaycandakı finala kölgə salmaq cəhdlərinə yüksək və heç bir qüsursuz təşkilatçılıqla cavab verildi. Madriddən fərqli olaraq hər hansı ingilis fanatı döyülmədi, nəqliyyatda problem yaşanmadı, stadiona girib-çıxmaq üçün maneələr olmadı və s.

Qalır həqiqəti etiraf etmək… Reallıq ortadadır. Sivil, təhlükəsiz, qonaqpərvər Bakı və bunun tam əksi olan Avropa…

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com