YAP Tərtər rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

YAP Tərtər rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatı gənclər birliyinin V hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Rayondakı Gənclər Mərkəzində keçirilən konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov deyib ki, rayon təşkilatının gənclər birliyi hesabat dövrü ərzində, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Qeyd olunub ki, ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizdə gəncliyin inkişafı və yüksək səviyyədə təhsil alması istiqamətində hər cür şərait yaradılıb. Gənclər ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov ötən konfransdan keçən müddətdə qurumun fəaliyyəti haqqında hesabatla çıxış edib. Qeyd olunub ki, rayon təşkilatının qeydiyyatında olan 6450 nəfər partiya üzvündən 1388 nəfəri gənclər, 3466 nəfəri isə qadınlardan ibarətdir.
Məruzə ətrafında Buruc kənd tam orta məktəbinin müəllimi Gülsəba Tağıyeva, Qaynaq kənd ümumi orta məktəbinin müəllimi Murad Hüseynov, mərkəzi rayon xəstəxanasında tibb bacısı işləyən Aygün Cəfərli, Evoğlu kənd tam orta məktəbinin müəllimi Elcan Nadirli çıxış edərək, gənclər birliyinin hesabat dövrü ərzindəki fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.
Konfransda çıxış edən Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həlli, tikinti-quruculuq və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində görülən işlərdən və dövlət başçısı Cənab İlham Əliyevin cəbhə bölgəsində yerləşən Tərtər rayonuna göstərdiyi diqqət və qayğıdan danışıb.
M.Məmmədov onu da qeyd edib ki, Azərbaycan gəncliyi ictimai-siyasi və sosial-iqtisadi sahələrdə aktiv fəaliyyət göstərir: "Müasir Azərbaycan gəncləri özlərini cəmiyyətin fəal təbəqəsi kimi təsdiqləyiblər. Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqət, dövlətə və dövlətçiliyə bağlılıq, Prezident İlham Əliyevin siyasətini, birmənalı şəkildə, dəstəkləmək gənclərimizin əsas xarakterik keyfiyyətlərindəndir".
Konfransda çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov isə qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin ən ağır sınaqlar qarşısında qaldığı bir zamanda, xalqın istək və arzularının nəticəsi olaraq, tarixi zərurətdən yaranıb: "Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərərək, müstəqilliyimizin qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, iqtisadiyyatımızın inkişaf etdirilməsinə özünün layiqli töhfələrini verib. Bu gün də partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir".
Sonra konfransda təşkilati məsələlərə baxılıb. YAP Tərtər rayon təşkilatı gənclər birliyinin 11 nəfərdən ibarət şurası, 5 nəfərdən ibarət idarə heyəti, Tunarə Məmmədzadə rayon təşkilatının gənclər birliyinin sədri və sədr müavinləri, həmçinin, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin növbəti konfransına 2 nəfər nümayəndə seçilib.
Sonda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul edilib.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə