"Final oyunu Azərbaycana olan inam və etimadın ifadəsidir" RƏY-ÖZƏL
“Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması beynəlxalq tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır. Bir çox hallarda isə Azərbaycan digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
Beynəlxalq tədbirlərin keçirilməsinin Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirdiyini deyən deputat söyləyib ki, bunun nəticəsində də ölkəmizə investisiyalar cəlb olunur:
Onun sözlərinə görə, bunlarla yanaşı bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir.
S. Hüseynova deyib ki, idman siyasətinin düzgün qurulması, idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir: "I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, bədii gimnastika üzrə Dünya Kuboku, Formula 1 yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycana olan inam və etimadın ifadəsidir".
Millət vəkili qeyd edib ki, UEFA Avropa liqasının final oyununu izləmək üçün Bakıya minlərlə xarici vətəndaş gəlmişdi və onlar paytaxtımızın gözəlliyini, insanlarımızın xoş münasibətini, qonaqpərvərliyini xüsusilə vurğulayırdılar: “Eyni zamanda, ölkəmizdə sabitlik hökm sürür, təhlükəsizlik, ictimai asayiş tam təmin olunub. Amma təəssüflər olsun ki, xaricdə müəyyən dairələr hər vəchlə Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bu dairələr ölkəmizə qarşı qarayaxma kampaniyasını davam etdirirlər. Onlara ölkəmizdəki sapı özümüzdən olan baltalar da qoşulub və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı iftira, böhtan atırlar. Hesab edirəm ki, həmişə olduğu kimi yenə də bu dairələrin cəhdləri iflasa uğrayacaq. Çünki Azərbaycan tutduğu doğru yol ilə inamla irəliləyərək yeni-yeni uğurlara imza atır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB