Yaxud, Bakıya qarşı yönəldilən qara PR kampaniyası beşikdəcə boğuldu
Beləliklə, Azərbaycan növbəti dəfə mühüm və əhəmiyyətli uğura imza atdı. Bakıda baş tutmuş UEFA Avroliqası finalı öz möhtəşəmliyi və bir sıra əhəmiyyətli ilkləri ilə Avropa məkanına nəyə qadir olduğunu sübuta yetirdi. Təkcə, “Çelsi” və “Arsenal” derbisindən əvvəl paytaxtımıza axışan minlərlə futbol azarkeşləri onlara göstərilən diqqət və qayğıdan, xidmət keyfiyyətindən, özəlliklə, futbol finalı ab-havasından sadəcə heyran qaldılar. Sözün düzü, nə ingilislər, nə də ingilis komandalarına azarkeşlik edən digər avropalılar bu qədər möhtəşəmliyi gözləmirdilər...
Sübut olundu ki, bu vaxta qədər Azərbaycanda keçirilən hər bir beynəlxalq idman hadisəsinin uğurla başa çatdırılması heç də təsadüf sayıla bilməz
Ümumiyyətlə, UEFA Avroliqasının Bakıda final oyununun uğurla keçirilməsi bir daha Azərbaycanın böyük beynəlxalq tədbirləri, o cümlədən bütün dünyanın diqqət mərkəzində olan idman yarışlarını yüksək səviyyədə təşkil etmək bacarığını nümayiş etdirdi. Sübut olundu ki, bu vaxta qədər Azərbaycanda keçirilən hər bir beynəlxalq idman hadisəsinin uğurla başa çatdırılması heç də təsadüf sayıla bilməz. Eyni zamanda, bu hadisələrə qarşı davamlı olaraq aparılan qərəz, böhtan kampaniyalarının da fiaskoya uğraması reallığı təsadüf olmayıb. Çünki Azərbaycan dövləti hər bir beynəlxalq miqyaslı tədbirləri o qədər dəqiq və hesablanmış əsaslarla reallaşdırır ki, bəlli media qurumlarının, bəzi təşkilatların və onların havadarlarının deməyə sözləri qalmır, onlar sadəcə, ağızlarını yumaraq, bir kənara çəkilib, məğlubiyyət acılarını yaşamalı olurlar.
Söz yox ki, bu dəfə də belə oldu və olmalıydı da! Onlar anlamağa məhkum oldular ki, Azərbaycan belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura - idman komplekslərinə, xidmət sektoruna, təhlükəsizliyə və s. malik ölkədir, buna isə kimsənin şübhəsi yoxdur!
Cüzi və kiçik söz atışmaları həm müvafiq təhlükəsizlik xidməti əməkdaşları, həm də polis güclərimiz tərəfindən ustalıqla, məharətlə, xüsusilə də nəzakətlə alındı
Daha bir nüansa diqqət yetirək. Məlumdur ki, istər UEFA, istərsə də FİFA çərçivəsində keçirilən futbol oyunlarında ingilis azarkeşləri xüsusi fəallıqları, hətta təhlükələri ilə seçilirlər. Onların istər Britaniyada, istərsə də ölkə xaricindən kənarda keçirilən hər bir oyunlarında azarkeşlər arasında kəskin qarşıdurmalar yaşanır, şəhər infrastrukturlarına ciddi ziyanlar vurulur və s. Hətta polis gücləri çılğın azarkeşlərin qarşısını almaqdan ötrü ən sərt tədbirlərə belə, əl atırlar.
Ancaq Bakıda belə bir hal müşahidə edilmədi, cüzi və kiçik söz atışmaları həm müvafiq təhlükəsizlik xidməti əməkdaşları, həm də polis güclərimiz tərəfindən ustalıqla, məharətlə, xüsusilə də nəzakətlə alındı. Bu baxımdan, hər hansı bir problemin, ciddi insidentin olmaması tədbirin yüksək səviyyədə təşkil olunduğunu aydın nümayiş etdirdi.
Rövşən NURƏDDİNOĞLU
P.S. Nəticə olaraq isə, belə qənaətə gəlmək olar ki, Azərbaycan Bakıda baş tutmuş UEFA Avroliqası finalının möhtəşəmliyi ilə isbatladı ki, artıq gələn il – 2020-də Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək və uğurla keçirmək gücünə, bacarığına malikdir. Artıq bu gerçəklik özünü təsdiq etdi və bundan sonra bəlli qərəzli dairələrin də deməyə, irəli sürməyə iddiaları qalmadı. Bakıya qarşı yönəldilən qara PR kampaniyası beşikdəcə boğuldu. Yəni bütün qərəz və böhtanlar sadəcə, sabun köpüyü kimi partlayaraq, havada əridi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB